ONN İnformasiya Agentliyi

ÜRƏYİNƏ VƏTƏN SIĞAN ŞAİR

ÜRƏYİNƏ VƏTƏN  SIĞAN ŞAİR
01 İyul 2020 - 11:30

Azərbaycan Jurnalistlər Birliyinin (1992), Azərbaycan Yazıçılar Birliyinin (1995), İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və Avrasiya Yazarlar Birliyinin (2010) üzvü olmuş, Vətən eşqi ilə yazıb yaradan sevənlərinin yaddaşlarında silinməz iz qoymuş mərhum Vaqif Məmmədovun şeirlərindən.

VƏTƏN  SIĞIR ÜRƏYİMƏ

Ay təbiət, səxavətin çox imiş,

Hər varını bəxşiş etdin yenə sən…

Pay verməkdə  heç təmənnan yox imiş,

Büllur kimi ürək verdin mənə sən.

Deyirlər ki, ürək yumruq boydadır,

Nə yerləşər yumruq boyda ürəyə?

Dar qəfəsdə hey döyünmək qaydadır,

Bir gün yasda, bir gün toyda ürəyə…

Dar qəfəsdə qala bilməz ürəyim,

Hər arzumu,  qalsa,  ora yığmazdım.

Yumruq boyda ola bilməz ürəyim,

Belə olsa Vətən ora sığmazdı…

Ürəyimsiz ağlamıram, gülmürəm,

Hər istəyim ürəyimdə birləşir.

Böyükmüdür,  kiçikmidir bilmirəm,

Ürəyimə təkcə Vətən yerləşir…

O KİŞİLƏR GEDİBDİ

Yuxuda atamı gördüm. Məndən öz

  yaşıdlarını – kəndin köhnə kişilərini soruşurdu…

Daha o dağların əriyib qarı,

Gördüyün bağların sovulub barı,

Yormur daşıqçılar yorğun yolları,

Sən görən kişilər gedibdi daha…

Cığırı ot basıb, iz də qalmayıb,

Arxaclar dağılıb, küz də qalmayıb.

Ocaq yerlərində köz də qalmayıb,

Sən görən kişilər gedibdi daha…

Biçənək yerini biçən azalıb,

Arandan yaylağa köçən azalıb,

Köhləni dayçadan seçən azalıb,

Sən görən kişilər gedibdi daha…

Dəyirman yerində daş qalıb indi,

Obalar, oymaqlar boş qalıb indi,

O yerlər yağıya tuş qalıb indi,

Sən görən kişilər gedibdi daha…

O gür ocaqların közü də gedib,

Buzlu  bulaqların buzu da gedib,

Elə bil çörəyin duzu da gedib,

Sən görən kişilər gedibdi daha…

Kişnəyən atları minib gediblər,

Şam kimi əriyib, sönüb gediblər,

Şirin xatirəyə dönüb gediblər,

Sən görən kişilər gedibdi daha…

DƏDƏ QORQUD BOYLARINDA

Ocaqdı o, közüm qalıb,

Zirvədi o, izim qalıb,

Nəğməm qalıb, sözüm qalıb

Dədə Qorqud boylarında…

Ozandımı, aşıqdımı?

Ahıldımı, uşaqdımı? 

Göydən gələn işıqdımı?

Dədə Qorqud boylarında.

«Mənsuriyyə»m,  «Heyratı»mdı,

Təəccübümdü, heyrətimdi,

Daşa dönən qeyrətimdi

Dədə Qorqud boylarında.

Od-alov var, sərinlik var,

Dəryalar tək dərinlik var,

Layla kimi şirinlik var

Dədə Qorqud boylarında.

Kəlməsində qor yaşayır,

İsmət, namus, ar yaşayır,

Bir xəzinə-var yaşayır

Dədə Qorqud boylarında.

Sal qayada bitən durur,

Əsrlərdən ötən durur,

Bütövcə bir Vətən durur

Dədə Qorqud boylarında.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png