ONN İnformasiya Agentliyi

Eçmiədzinin 2704 yaşı? – növbəti erməni saxtakarlığı tarixçiləri hiddətləndirdi…

Eçmiədzinin 2704 yaşı? – növbəti erməni saxtakarlığı tarixçiləri hiddətləndirdi…
11 Oktyabr 2019 - 15:58

Qasım Hacıyev: “Ermənilər, bütün məsələlərdə olduğu kimi, Üçkilsə (Eçmiədzin ) haqqında da uydurmalar yaradırlar”

Ermənistan mətbuatı yeni-yeni yalanlar uydurmaqda, beynəlxalq aləmi bu yalanlara inandırmağa cəhdlər göstərməkdə davam edir. Amma bu da faktdır ki, yalan ayaq tutsa da, yeriməz. Çünki onların yalanlarını darmadağın edən yüzlərlə həqiqət var ki, bunlar da bütün mənalarda erməniləri fakt qarşısında qoyur.

Azərbaycan torpaqlarında Çar Rusiyasının və digər iri dövlətlərin dəstəyilə özlərinə dövlət quran haylar (ermənilər) bura köçürüldükdən sonra qədim türk-xristian abidələrinə, məbəd və monastrlara da “sahiblənməyə” başladılar.

Bu gün ermənilərin əsas dini mərkəzinə çevrilən Eçmiədzin (əsl adı isə Üçkilsə, Üç müəzzin) kilsəsinin ermənilərə “məxsus” olması iddiaları elmi kitablarda, yazılarda, erməni mətbuatında yer alır. Erməni mətbuatının yazdığına görə, Eçmiədzin kilsəsinin 2704 yaşı var. Hesablayanda isə bu kilsənin 685-ci ildə yarandığı üzə çıxır. Amma bu kilsənin ermənilərlə heç bir qədim bağlılığı yoxdur. Bunu tarixçilər də, sənədlər də təsdiqləyir.

Tarixçilər qeyd edirlər ki, Üçkilsə (12 mart 1945-ci ildən Eçmiədzin) rayon mərkəzi olan Üçkilsə (qədim Vağarşabad) şəhərində türk xristian məbədidir. Məlumatlara görə, IV əsrin əvvəlində Cənubi Qafqazda xristianlığın yayılmasına daha öncəki məbədlərin dağıdılması ilə başlayan maarifçi Qriqori əvvəlcə ölkənin ən böyük və nüfuzlu ibadətgahı olan Vağarşabaddakı məşhur atəşpərəstlik məbədini daş hasara aldırmış və az sonra (303-cü ildə) burada xristian məbədi ucaltmışdır. V əsrdən başlayaraq bu məbəd dəfələrlə bərpa olunmuş, onun ilkin görkəmi tanınmaz dərəcədə dəyişdirilmiş, ona yeni-yeni tikililər əlavə edilmiş, xüsusilə XVII əsrdə böyük dəyişikliklərə məruz qalmışdır. Kilsənin “Eçmiədzin” adı erməni dilində “yenidən doğulmuş yerə endi” kimi şərh edilir (əfsanəyə görə, İsa Məsih göydən enərək Müqəddəs Qriqoriyə burada görünmüşdü). Azərbaycan dilində “Eçmiədzin” sözü “Üç müəzzin” deməkdir (“müəzzin” ərəbcə “azan oxuyan” deməkdir).

Matenadaranda saxlanan orta əsr sənədlərində məbədin adı məhz “Üçkilsə” kimi xatırlanır. Erməni Katalikosluğunun Üçkilsəyə köçürülməsi ilə erməni missionerləri buraya üz tutdular. Onların Cənubi Qafqazda nüfuzlarını artırmaq imkanı yaranmışdı. Tezliklə monastrın özü ermənilərin dini mərkəzinə çevrilmişdir. Azərbaycan torpaqlarının XIX əsrin birinci yarısında Rusiyaya birləşdirilməsinədək Cənubi Qafqazda Üçkilsənin hüdudlarından kənarda çox cüzi erməni var idi… Türkmənçay müqaviləsi bağlanana qədər nəinki Qarabağ xanlığında, eləcə də Cənubi Qafqazda həqiqətən də ermənilərin sayı daha az idi. Göstərilən müqavilədən sonra Çar Rusiyasının himayəsi və yardımı ilə Azərbaycan ərazilərinə İrandan 40 mindən artıq və Türkiyədən 90 min nəfər erməni köçürülüb. Bu, Çar Rusiyasının işğalçılıq siyasətinin acı nəticəsi idi. Bu siyasət marksist-leninçi ideologiyanın hökm sürdüyü sovet dövləti zamanında da davam etdirilmişdi. Bu fikirləri də tarixçilər söyləyirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq bölməsinin rəhbəri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Üçkilsə türk-xristian məbədinin tarixi həqiqətən qədimdir. O qeyd etdi ki, bu kilsənin ermənilərlə heç bir tarixi əlaqəsi yoxdur. Alimin sözlərinə görə, vaxtilə xristian türklərin ibadət məkanı olan Üçkilsə XV əsrdə bu ərazidə yaşayan azsaylı ermənilərə icarəyə verilib, bundan sui-istifadə edən azsaylı haylar isə kilsənin adını dəyişdirərək onu Eçmiədzin adlandırıblar. Orta əsrlərdə dünyanın bir çox ölkəsinə, o cümlədən də Qafqaza çoxlu sayda xristian dinini yayan missionerlərin gəldiyini deyən Q.Hacıyevin bildirdiyinə görə, bu missionerlərin məqsədi Qafqazı tamamilə xristianlaşdırmaq olub. “Üçkilsənin tarixinin ermənilərlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Tarixdən məlumdur ki, Üçkilsə məbədi orta əsrlərdə Azərbaycan hökmdarları tərəfindən dini ibadət üçün ermənilərə icarəyə verilib. Bu, Səfəvilərdən əvvəl baş verib. Bu da təxminən XV əsrə düşür. Ermənilər bu torpaqlara köçürüldükdən sonra isə buranı özlərinə həm dini, həm də elmi mərkəzə çevirdilər. Saxtakarlıq yolları ilə əldə etdikləri sənədləri, kitabələri topladılar və orada arxiv yaratdılar. Amma, nə olursa-olsun, əvvəlki dövrlərdə Üçkilsə ərazisində, onun yaxınlığında erməni olmayıb. Və onlar ora orta əsrlərdə gəlib dini məqsədlərlə birləşiblər. Orada ermənilərin nə dövləti, nə də dövlətçilik atributları olub, bütün bunları XIX əsrdən quraşdırmağa başlayıblar. Əllərində heç bir tarixi fakt olmadan bunları ediblər. Bilirsiniz ki, İrəvan qalasını Erabuni kimi qələmə verib onunla bağlı saxta sənədlər düzəldərək tarixini qədimləşdirməyə cəhd göstərdilər. Ermənilər, bütün məsələlərdə olduğu kimi, Üçkilsə (Eçmiədzin ) haqqında da uydurmalar yaradırlar. Halbuki, son dövrlərə qədər o ərazilərdə ermənilər kütləvi yaşamayıblar və onların orada dini mərkəzləri olmayıb. Yaxşı bilirsiniz ki, xristianlıq yarandığı dövrdə ayrı-ayrı missionerlər dünyanın hər yerində xristianlığı yayırdılar.  Xristianlıq dövründə Üçkilsə məbədi xristian türklərin ibadət yeri olub və sonra islam dini oturuşduqdan sonra o məbədlər qalıb” – deyə Q.Hacıyev qeyd etdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png