ONN İnformasiya Agentliyi

Millət vəkili Fazil Mustafa professor Əjdər İsmayılovla  bağlı  paylaşım  edib- Sayğılarla anırıq

Millət vəkili Fazil Mustafa professor Əjdər İsmayılovla  bağlı  paylaşım  edib- Sayğılarla anırıq
13 Mart 2024 - 14:46

Milli Məclisin  Mədəniyyət Komitəsinin  sədri  Fazil Mustafa öz  feysbuk səhifəsində  ictimai-siyasi və elm xadimi,  türkoloq, filologiya elmləri doktoru, professor Əjdər İsmayılovla  bağlı  paylaşım  edib.  Paylaşımda deyilir:

“Bu gün  Azərbaycanın ünlü ictimai-siyasi və elm xadimi,  türkoloq, filologiya elmləri doktoru, professor
Əjdər İsmayılovun anım günüdür (Əjdər Tağıoğlu; 23.04.1938, Çomaxtur, Noraşen (Şərur) – 13.03.2022, #Bakı).

Əjdər İsmayılov 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Filologiya fakültəsini bitirib. 1963-1965-ci illərdə isə Azərbaycan Teatr İnstitutunun (indiki ADMİU-nun) Rejissorluq fakültəsində oxuyub, ünlü sənətkarlar – rejissor Mehdi Məmmədov və aktyor Rza Təhmasibin tələbəsi olub.

1961-1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, “Şərq qapısı” qəzetinin əməkdaşı olan Əjdər İsmayılov, 
1977-1994-cü illərdə #Naxçıvan Dövlət Universitetinin #Ədəbiyyat kafedrasında #müəllim, baş müəllim, dosent və professor vəzifəsində çalışıb.

O, 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olub; Akademik Məmməd Arif Dadaşzadənin rəhbərliyi ilə “Hüseyn Cavidin tarixi dramları” (“Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam”) mövzusunda namizədlik dissertasiyasını 1974-cü ildə uğurla müdafiə edib.
1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında təsdiq edilmiş “Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm gələnəyi” mövzusunda doktorluq dissertasiyası ətrafında araşdırmalara başlayan alim, ədəbiyyatşünaslığımızda Azərbaycan romantizminin yaranmasını 1905-1917-ci il hadisələri ilə bağlayan fikir sahibləri ilə razılaşmayaraq, yeni elmi fikir irəli sürüb. O, Hüseyn Cavid romantizminin qaynağının Zarvan (“Avesta”) fəlsəfəsindən başlandığını, mütəfəkkir şairin sənətin fəlsəfi-estetik dəyərləri baxımından Türk “Tənzimat ədəbiyyatı” başda olmaqla, dünya ədəbiyyatı korifeylərinin sənət yoluna bağlılığını demonizm kontekstində araşdırıb. Monoqrafiyada dünya romantizmində demonizm gələnəyinin Hüseyn Cavid irsində davamı və inkişafı məsələləri ətraflı tədqiq olunub. 
Əjdər İsmayılov Hüseyn Cavid yaradıcılığının ideya-fəlsəfi, bədii-mifoloji köklərini açıb göstərib, sənətkarın yaradıcılığındakı milli və ümümbəşəri cəhətlərini tədqiq edib.
Əjdər İsmayılovun rəsmi opponenti, moskvalı professor A.L.Şteyn 1988-ci ildə deyirdi: “Biz romantizm ədəbiyyatı mütəxəssisləri bu dissertasiyayadək dünya romantizminin XIX yüzildə sona yetdiyi fikirindəydik; sən demə, XX yüzildə Hüseyn Cavid kimi sənət nəhəngi varmış”. – Həm bu, həm də dünya ədəbiyyatı üzrə (Moskva və Tiflisdən olan) digər ünlü alimlərin fikirləri (keçmiş) Sovet ədəbiyyatşünaslığında və fəlsəfəsində ilk dəfə demonizm problemindən, onun fəlsəfi-estetik və siyası dəyərlərindən danışan Əjdər İsmayılovun haqlı olduğunu bir daha göstərib.

“Dünya romantizm gələnəyi və Hüseyn Cavid” (1982), “Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm gələnəyi” (1991),
“Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” (ermənilər və gürcülər Qafqaz Oğuz Albaniyası ərazisində; 2008), “Moisey Xorenatsi anonim keşiş müəllifdir” (2016), “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” (2017), “Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” (2019), “Dərəşam: Oguz-Türk məzarlığı” (2020), “Oğuz-türk tarixi: Bəylərbəyi Rəvan xandan İrəvan qala-şəhər yadigarı” (2021) və b. elmi əsərləri alimin öz sağlığında gün üzü görüb. 

Sayğılarla anırıq.
Ruhu şad olsun!”  Olaylar.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png