ONN İnformasiya Agentliyi

“İçərişəhər”də Nəsimi ilə bağlı sərgi

“İçərişəhər”də Nəsimi ilə bağlı sərgi
16-12-2019, 20:58

Metronun “İçərişəhər” stansiyasının vestibülündə “Bakı Metropoliteni” QSC-nin daha bir fərqli sosialyönümlü layihəsi reallaşıb. Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutan dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar “Bakı Metropoliteni” QSC və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə sərgi təşkil olunub. QSC-nin mətbuat xidmətindən Kultaz-a bildirilib ki, sərgidə yaradıcılığı ilə elmi-ədəbi fikrin diqqət mərkəzində olan mütəfəkkirin zəngin irsini əks etdirən rəsm əsərləri nümayiş etdirilib. Təqdim edilən 14 rəsm əsərinin müəllifləri də məhz universitetin nəzdində fəaliyyət göstərən yaradıcılıq mərkəzinin istedadlı tələbələridir. “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ölkəmizdə geniş şəkildə keçirilən tədbirlər kimi, UNEC-lə birgə təşkil edilən bu sərginin də böyük əhəmiyyətə malik olduğunu bildirib. UNEC-in Marketinq və kommunikasiya departamentinin direktoru Xaliq Əliyev bu layihədə onlara dəstək olduğu üçün “Bakı Metropoliteni” QSC rəhbərliyinə minnətdarlığını bildirərək dahi Azərbaycan şairinin yaradıcılığının daha dərindən öyrənilməsi, tanınması üçün atılan bu addımı tələbə gənclər üçün də böyük dəstək olduğunu qeyd edib. Gənclərin belə sosialyönümlü layihələrdə iştirakı, universitetlərin ədəbi mühitə inteqrasiyası baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov yaradıcı gənclərin “Nəsimi ili”nə xüsusi layihələrlə hazırlaşdığını qeyd edib. Bu mənada gənclərin təxəyyülünün obrazlı sənət dilinə çevrilməsində dizayn kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Məmmədovanın da böyük əməyi olduğunu və gənclərin daim peşəkarlardan məsləhətlər alaraq püxtələşdiklərini vurğulayıb. Sərgi zamanı yaradıcılıq mərkəzinin teatr truppasının dahi şairin yaradıcılığını zamanın süzgəcindən keçirməklə tarixi obrazlarla canlandıran “Nəsimi” tamaşasından bir parçanın da səsləndiriləcəyini qeyd edən E.Cəfərov ötən həftə bu gənclərin tamaşanı böyük uğurla Ankara səhnəsində ifa edərək alqışlara layiq görüldüklərini də vurğulayıb. Stansiyada keçirilən sərgi həm sərgi iştirakçılarının, həm də stansiyanı ziyarət edən sərnişinlərin böyük marağına səbəb olub. Nəsiminin həyat və yaradıcılığının rəsmlərlə inikası tamaşaçılara əsl zövq bəxş edib. Sərginin gedişində yaradıcılıq mərkəzinin hazırladığı “Nəsimi” tamaşasından bir fraqment, dərviş musiqisinin müşayiəti ilə Nəsimi qəzəlləri səsləndirilib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png