ONN İnformasiya Agentliyi

Azərbaycan bu müharibə ilə həm Yaxın Şərq, həm də Cənubi Qafqaza yeni geosiyasi düzən gətirdi

Azərbaycan bu müharibə ilə həm Yaxın Şərq, həm də Cənubi Qafqaza yeni geosiyasi düzən gətirdi
15 Oktyabr 2020 - 13:00

Yunus Oğuz: “Bu gün bölgədə söz sahibi olan ölkələr Rusiya, Türkiyə və Azərbaycandır”

Sentyabrın 27-dən başlayan erməni təxribatına qarşı əks-hücum əməliyyatı Azərbaycan Ordusunun uğurları və işğal altında olan bir sıra ərazilərimizin azad edilməsi prosesi ilə davam edir. Azərbaycan Ordusunun hər gün əldə etdiyi nailiyyətlər, düşməndən azad etdiyi mövqelər ordumuzun tezliklə bütün işğal altında olan ərazilərimizdə Azərbaycan bayrağını dalğalandıracağı inamını yaradıb. Ötən 19 gün ərzində davam edən əks-hücum əməliyyatı barədə fikirlərini bölüşən Milli Vəhdət Partiyasının (MVP) sədri Yunus Oğuz deyib ki, sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatı və işğal altında olan ərazilərimizin düşməndən azad edilməsi dünya qarşısında  yeni bir fakt  qoydu: “Yəni yeni hibrid  döyüş sistemini təqdim etdi. Bu döyüş sistemi Türkiyədə var idi və Suriyada aparılan antiterror əməliyyatı zamanı bundan istifadə edilmişdi. Suriyada PKK terroruna qarşı həyata keçirilən antiterror əməliyyatı zamanı terrorçuların lokasiya avadanlıqları demək olar ki. yox idi. Bir növ orada işləmək bir qədər daha asan idi. Tankları, dronları və s. texniki avadanlıqları yox idi. Ancaq bu sistemi ilk dəfə Türkiyə tətbiq edib. Bizim sistemimiz isə tamamilə fərqlidir. İki ordunun bir-biri ilə döyüşü  gedir. Bir tərəfdə klassik döyüş sistemi, erməni tərəfinin malik olduğu hərbi texnika, tanklar, toplar,  yaradılmış istehkamlar, digər tərəfdə isə Azərbaycanın klassik silah sistemi ilə yanaşı yeni texnoloji tətbiqi həyata keçirməsi. Eyni zamanda informasiya müharibəsi. Bu üçünün birləşməsindən meydana gələn hibrid müharibəsi dünyaya tamamilə yenilik, yeni bir müharibə sistemi gətirdi. Bu da çox uğurla davam edir və istəsək də , istəməsək də, dünya hərb  sistemi Azərbaycanın müharibə aparmaq sistemini öyrənməyə çalışır”.

MVP sədri bildirib ki, bir neçə amerikalı general hətta Azərbaycanın tətbiq etdiyi bu yeni sistemi ölkəmizdən öyrənməyi məqsəduyğun sayıb: “Çətin keçilən istehkamların dağıdılması, minimum itki ilə daha çox uğura nail olmaq bu sistemdə özünü göstərir. Ermənilər 100 ildir ki, Qarabağ uğrunda döyüşə hazırlaşırdılar. Xüsusilə, 1988-ci ildən sonra işğal etdikləri Azərbaycan ərazilərində tikdikləri istehkamlara böyük ümid bəsləyir və fikirləşirdilər ki, Ohanyanın  müdafiə sistemi keçilməzdir. Əgər biz döyüşlərdə yeni texnoloji silahlardan istifadə etməsəydik, böyük itkilərə məruz qalacaqdıq.  Bu dünya tarixində görünməmiş bir işdir ki, Azərbaycan yeni bir döyüş, müharibə sisteminə keçdi. Eyni zamanda dünyanın da diqqətini özünə cəlb etdi. Artıq amerikalı general deyir ki, kifayət qədər baha qiymətə nail olan tanklar istehsal etmək sərfedici deyil. Faktiki olaraq hava müharibəsi gedir. İnşallah bu döyüşü də uğurla başa çatdıracağıq”.

Yunus Oğuz onu da bildirib ki, Azərbaycan bu müharibə ilə həm Yaxın Şərq, həm də Cənubi Qafqaza yeni geosiyasi düzən gətirdi: “Bu düzən nədən ibarətdir?  Diqqət edək. Artıq ATƏT-in Minsk Qrupunun həmsədrlərindən ikisi özlərinin lazımsız olduqlarını sübut edirlər. Fransa lazım gələndə Ermənistana silah göndərir, bu ölkənin vətəndaşları könüllü, muzdlu kimi Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşməyə gəlir. Eyni zamanda maddi dəstəyini Ermənistandan əsirgəmir. Ancaq görünən odur ki, indi bu kimi dəstəklər işə yaramır və Azərbaycan uğurlu əks-hücum əməliyyatları ilə yeni düzən yaradır, bölgədə söz sahibinə çevrilir”. Partiya sədri qeyd edib ki, bu gün bölgədə söz sahibi olan ölkələr Rusiya, Türkiyə və Azərbaycandır: “Birləşmiş Ştatlar da bu məsələlərə heç bir müdaxilə etmir. Fransa prezidenti Emmanuel Makron bir qədər hay-küy saldı. Sonradan isə o da sakitləşdi. Onu da qeyd edim ki, yeni siyasi düzən eyni zamanda dünyaya geostrateji baxımdan yeni əlavələr edəcək, yeni güc mərkəzləri yaranacaq. Yeni güc mərkəzləri yaranarkən isə Azərbaycanla hökmən hesablaşmalı olacaqlar. Çünki Azərbaycan bu düzənin əsaını qoydu. Həmçinin ermənilərə göstərdi ki, XX əsrdə qalmaq gecdir. Özlərinə arxayın idilər ki, ərazilərimizi işğal ediblər və heç kim onlara bir söz deyə bilməz. Ancaq Azərbaycan sübut etdi ki, heç də hər şey ermənilərin düşündüyü kimi deyil və bizim torpaqlarımızı işğaldan azad etmək haqqımız var. Həmin haqqı da çox doğru olaraq həyata keçiririk. Bunu da şərtləndirən əsas amillərdən biri xalq, Ordu və Ali Baş Komandanın bir olmasıdır”.

MVP sədri Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu informasiya mübarizəsi apardığını da vurğulayıb: “Dövlət başçısı bunu çox ustalıqla həyata keçirir. Adətən xarici media ölkənin bir nömrəli şəxsinin fikirləri, mövqeyini öyrənməyə üstünlük verirlər. Düzdür, müharibə şəraitində Müdafiə Nazirliyinin də açıqlaması, mövqeyi lazımlıdır və media hərbi rəsmilərin açıqlamalarına da diqqət edir. Məsələn, ötən gün Müdafiə Nazirliyinin Azərbaycanda təmsil olunan hərbi atteşelər üçün təşkil etdiyi brifinq və orada Ermənistanın məhv edilən raket kompleksinin ölkəmiz təhlükəliyi, hədəfi vurma mümkünlüyü, eləcə də digər parametrləri barədə məlumatların verilməsi olduqca zəruri idi.  Eyni zamanda Azərbaycan Prezidentinin də xarici televiziya kanallarına, KİV-lərə açıq olması da informasiya mübarizəmiz baxımından olduqca əhəmiyyətlidir. Çünki Cənab Prezident həmin müsahibələrdə bütün fikirlərini, mövqeyini açıq şəkildə ifadə edir. Ermənistanın baş naziri Nikol Paşinyan kimi dildə bir söz, arxada isə tamam başqa bir söz demir: “Azərbaycan Prezidenti isə müsahibələrində açıq şəkildə bildirdi ki, Gəncə şəhərinin vurulması tapşırığını Paşinyan verib.  Paşinyanın arxasında isə kimlər dayanır, o başqa məsələdir. Odur ki, çox uğurlu olan mübarizə üsullarından biri və müharibənin gedişinə müsbət təsir edən məqamlardan biri də Azərbaycan Prezidentinin özünün dilindən verilən açıqlamalardır. İnformasiya müharibəsinin, savaşın rəhbərliyində dayanan elə prezidentin özüdür”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png