ONN İnformasiya Agentliyi

Azərbaycanın ən uzunömürlü ailəsi onlardır

Azərbaycanın ən uzunömürlü ailəsi onlardır
29 Yanvar 2024 - 22:51

Azərbaycanın ən uzunömürlü ailəsinin Naxçıvanda yaşadığı məlum olub.

Təməli 75 il əvvələ dayanan ailə haqqında “Şərq qapısı” qəzeti məqalə hazırlayıb.

Həmin məqaləni təqdim edirik:

Təməli nə az, nə çox düz 75 il bundan öncəyə dayanan bir ailədən bəhs edəcəm, bu yazıda. Ordubad rayonunun Bist kəndində yaşayan bu ailəni əslində çoxdan tanıyıram. Demək olar ki, özümü və dünyanı dərk etdiyim gündən… Həmin ailənin varlığı mənə həyatı bəxş edib desəm, yanılmaram. Elə buna görə də 30 ildən artıq bir dövrünə şahidlik etdiyim iki insanın birgə keçən ömür hekayəsini yazmaq mənim üçün ikiqat məsuliyyətdir. Həm jurnalist, həm də bu ailənin üzvü olaraq…

Mahmud Tahirov 1927-ci ildə Nürgüt kəndində dünyaya göz açıb. Qonşu Xurs kəndində anadan olan Tutu nənənin isə bu il 94 yaşı tamam oldu. Onların taleyi 75 il bundan öncə, 1949-cu ilin Novruz günündə – martın ayının 21-də birləşib. Əslində, bu iki dünyagörmüş insanı canlı tarix kimi qəbul edirəm. O dövrün ağrılı, acılı, müharibələrlə dolu illərini onların dilindən, xatirələrindən çox eşidib, təsəvvürümdə çox canlandırmışam. Gəlin, onlarla sizi də tanış edim. Başlayaq 97 yaşlı Mahmud Tahirovdan…

Ailənin 7 övladının ən böyüyü olan Mahmud kişinin ömrünün gənc illəri məşəqqətlə keçib. Atası Əli Tahirov dövrünün tanınmış ziyalılarından olub, xalqının maariflənməsinə can yandırıb. Öz evində 4 illik məktəb açıb, ətraf kəndlərin uşaqlarının təhsil almasına səy göstərib. Mahmud kişinin özü də elə bu məktəbin yetirməsi olub və sonralar qonşu Xurs kəndindəki 7 illik məktəbdə təhsilini davam etdirib. Elə Tutu nənə ilə tanışlıq da həmin illərə təsadüf edib. Bu gənclik məhəbbəti nümunəvi 75 ilə aparan ilk addım olub.

Onların ilk sevgi etirafları vaxtilə həmin məktəbdə öyrəndikləri hərflərlə həkk etdikləri kağız parçalarında yaşayır. İndi də o məktubları ən əziz, ən şirin xatirə kimi qoruyub saxlayırlar. Lakin bu ülvi məhəbbəti uzun illər qəlblərində bir sirr kimi yaşatmalı olublar. Sovet hakimiyyətinin totalitar rejimi və İkinci Dünya Müharibəsinin cənginə aldığı o dövrlər… Mahmud kişinin məktəb açıb xalqın maariflənməsinə çalışan atası bu xeyirxah əməlinə görə represiyya qurbanı olub. Qardaşları isə uzun illər müharibədə iştirak etdiklərindən ailənin əsas yükünü daşımalı olub. Uzun illər boyu hər gün qardaşlarının müharibədən dönməsi xəbərini həsrətlə gözləyən Mahmud Tahirovun təhsil almaq arzusu da sevgisi kimi yarım qalıb.

Bəli, uzun illər müharibənin gətirdiyi ağır, itkilərlə dolu günlərini yaşayan Mahmud baba yaşlı, xəstə anasını və bacısını dolandırıb, evinin, ailəsinin tək dayağı olub. Bütün bunlara görə ürəyində bəslədiyi saf məhəbbəti və oxumaq həvəsini boğmaqla yaşayıb. Lakin qəlbindəki bu arzular heç vaxt sönməyib…

Nə yaxşı ki, atasının aqibətini qardaşları da yaşamayıb müharibədən sağ-salamat qayıdıblar. Müharibə bitdikdən sonra Mahmud Tahirov təhsil almaq arzusundan dörd əlli yapışıb. Ailəsini qardaşlarının himayəsinə verərək Ordubaddakı pedaqoji məktəbə yollanıb, daha sonra Naxçıvanda yeni açılan 2 illik Müəllimlər İnstitutunda ali təhsil alıb.

Mahmud babanın ömür-gün yoldaşı Tutu nənənin gəncliyi də ən az onunku qədər çətin keçib. Bəlkə də daha artıq… Müharibənin ağır və ağrılı həyatını daha çox kişilər çiynində daşısa da, gözü yollarda qalan qadın iztirabı, qadın göz yaşı qədər insan ürəyini heç nə dağlaya bilməz. Onun da təhsil almağa çox böyük həvəsi olub. Xurs kəndində doğulub böyüyən Tutu nənənin bu həvəsi onu bir qədər uzaqlara aparıb. Bir müddət qonşu kənddəki ev şəraitində açılan yeni məktəbdə ibtidai təhsil alıb. Lakin məlum repressiya onun da bu arzusunu ürəyində qoyub. Gənc yaşında atası müharibənin gedər-gəlməzinə yollanıb. Ardınca isə qardaşları İkinci Dünya Müharibəsi iştirakçısına çevrilib. İndi də Tutu nənədən o illəri soruşanda üzündəki dərin hüznü, nisgili, həsrət dolu iztirabı hiss edirsən. Bəzən çox dərinlərə qərq olmuş o gözlərdə qeyri-adi bir parıltı sezirəm. Sanki keçmişi canlandırmaq üçün dərinlərə dalır, o illəri, gəncliyini, qurduğu xəyalları xatırlayır. Nəvələrinin xoş güzəranını seyr edib fərəhlənsə də, kaş ki, o gəncliyi indi yenidən yaşamaq imkanım olaydı deyir bəlkə də… Dodaqları əsə-əsə dediyi sadəcə bir cümləni xatırlayıram: “Biz o günlərimizin hər birini sonuncu gün kimi yaşayırdıq”.

Sevgi hər zaman təsəlli, həyat eşqini daha da alovlandıran bir qüvvədir, deyirlər. O sevgi ki, kəndləri, şəhərləri dağıdan ağır müharibə illəri belə ona qalib gələ bilməz. Uzun müddət sadəcə ürəklərdə yaşayan bu sevgi nəhayət ki, iki gənci qovuşdurub. Ailə qurduqları ilk illərdə 11 nəfərlə bir otaqlı, balaca, köhnə bir evdə qalsalar da, mehriban və xoşbəxt yaşayıblar. Ailəni dolandırmaq üçün bir neçə yerdə işləməli olub Mahmud Tahirov. Qazandığı məvaciblə ailəsini saxlamağa çalışan gənc müəllim müxtəlif illərdə təyinatla Nəhəcir, Göynük, Xoşkeşin kimi kəndlərdə pedaqoji fəaliyyət göstərib. Ömrünün 60 ilə yaxınını gənc nəslin bilikli, savadlı böyüməsinə həsr edib. Müəllimlik fəaliyyətinin son və uzun müddətli ünvanı isə doğma kənd Bistdə keçib. O dövrdən başlayaraq rahat, firavan həyatın ilğımları gənc ailənin başının üzərində sayrışıb. Uzun illərdən bəri çəkilən əziyyətin, zəhmətin bəhrəsini görməyə başlayıblar. Yeni tikilən ev, qurulan təsərrüfat Mahmud kişinin də, Tutu xanımın da ürəyini fərəhlə doldurub. Kənd şəraitinin bütün imkanlarından istifadə edən zəhmətkeş ailə xüsusilə arıçılığa böyük maraq göstərib. Övladları onların arıçılıq ənənələrini bu gün də davam etdirir. Bu günədək “ömür sürən” arı ailələrinin sayı genişlənərək hazırda 120-ə çatıb.

O, peşəkar müəllim kimi tanınmaqla bərabər, həm də qayğıkeş ata, mehriban həyat yoldaşı, həm də sevimli babadır. 70 illik ailə həyatından söz açan Mahmud baba deyir ki: “Uzunömrlülüyün sirri mehribanlıqdı. Nə qədər ki, ailədə kişi ilə qadın arasında hörmət var, hər kəs öz yerini bilir, o ailənin təməli möhkəm olur. Ailədə tərbiyə əsas rol oynayır. Ata-ana mehribandırsa, uşaqlar da mehriban yaşayacaq.”

Sevgi macərasından bəhs edən hansısa bir kitab oxuyanda təsəvvürümdə ilk olaraq onların hekayəsi canlanır. İllər uzunu nəyin bahasına olursa-olsun, çətinlikləri birgə aşaraq sevgiylə yaşayanları, sən demə sevgi yaşadırmış. Yoxsulluq, müharibə, qıtlıq… Hər şeyə  rəğmən ailə səadətini qoruyub saxlayıblar Mahmud babayla Tutu nənə. Halbuki günümüzdə rahat və firavan yaşayış üçün hər şey var. Bəs çatışmayan nədir?

Ailədə qadına, anaya hörmətin əsas şərt olduğunu bildirən Mahmud baba son illər boşanmaların sayının artmasına və uzunömürlü ailələrin sayının azalmasına bu cür aydınlıq gətirdi:  “Ailə bir dövlətdir. Necə ki, dövlətdə hərc-mərclik baş verərsə, dağılıb məhv olar. Ailə də onun kimi. Ailədə söz bir olmalıdır. Əsas məsələ qadınla kişinin bir-birini başa düşüb güzəştə getməsidir. Bu münasibət uşaqlara da sirayət edir və uzunömürlü, nümunəvi bir ailə formalaşır. Ailə böyük bir dəyərdir. Ailəyə məhəbbət xüsusilə lazımdır. Gərək gənclərimiz ailəsinin qədrini bilsin.”

“Boş vaxtlarını nəvələri ilə keçirməyi xoşlayır. Ailəsinə çox bağlı insandır. Mənə, uşaqlarına, gəlinlərinə şeirlər ithaf edib. Xatirə dəftəri bir şairin kitabına bənzəyir”, – deyən Tutu nənə də söhbətə qoşulur. Onun simasında əsl qadın xoşbəxtliyini sezmək heç də çətin deyil: “75 ildir ailəmlə, balalarımla mehriban ömür sürürük. Bundan böyük xoşbəxtlik nə ola bilər? Bizim kimi hər kəsə uzun ömür və xoşbəxtlik arzulayıram!”

Onlar xoşbəxtlikləri ilə əsl Azərbaycan ailə modelini layiqli şəkildə nümayiş etdirirlər. 7 övlad böyüdən ailənin 15 nəvəsi və 13 nəticəsi vardır. Mən də çox xoşbəxt və eyni zamanda qürurluyam ki, belə nümunəvi ailənin bir üzvüyəm. Onlarla fəxr edirəm. Ona görə yox ki, onlar uzun ömür yaşayırlar. Ona görə ki, onlar bu uzun ömrə məna qataraq yaşayıb, əsl ailənin nə olduğunu bizə aşılayıblar. Budur onları bizim üçün nümunə edən

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png