ONN İnformasiya Agentliyi

Maraqlı adət: Lənkəranda çillə gecəsi qeyd olundu

Maraqlı adət: Lənkəranda çillə gecəsi qeyd olundu
20 Dekabr 2023 - 22:28

Tədqiqatçılar qədim təqvimlərə əsasən Azərbaycanın milli adətlərindən olan çillə gecəsinin Yerin şimal yarımkürəsində ilin 365 gününün ən uzun gecəsinə təsadüf etdiyini qeyd edirlər. Bu gecə şəmsi ilinin dey ayının başlanğıc gecəsi, azər ayının sonuncu gecəsi və Novruz bayramına üç ay qalmış bir gecədir. Çillə sözü bir neçə mənada başa düşülür. 40 gün mənasında istifadə edilən bu söz daha çox ağırlığın, çətinliyin başlanğıcı mənasında başa düşülür. Qış fəsli üç hissəyə bölünür.

40 gün davam edən böyük çillənin (21 dekabr-29 yanvar) ardınca 20 günlük kiçik çillə (29 yanvar-18 fevral) gəlir və daha sərt olduğundan qışın “oğlan çağı” adlandırılır. Boz ay (oğru buğ) (20 fevral – 20 mart) isə bir ay davam edir.

Miladi tarixlə dekabrın 20-dən 21-nə keçən çillə gecəsi əsasən Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda xüsusi qeyd edilir.

Məsələ ilə bağlı “Report”a danışan etnoqraf Həşim Kəlbiyev qədim dövrlərdən insanların təbiət hadisələrini diqqətlə izlədiyini, bu hadisələrin onların yaşayışına təsir etməsini özünün ilkin bədii təxəyyülündə formalaşdıraraq müxtəlif ayinlər keçirdiklərini bildirib.

Onun sözlərinə görə, bu gecə bayram etməyin mənası işığın qaranlıqla mübarizəsi kimi təsvir edilir: “İnanclara görə bu çətinlikləri birlikdə şənlik edərək dəf etmək mümkün olub. Bu adət son illərə qədər daha şövqlə, indinin özündə də rayonlarda, kəndlərdə birgə süfrələr təşkil edilməklə qeyd olunur. Süfrələrdə lap əvvəllər qoz, çəyirdəkli meyvə və tərəvəz qurusu qoyularmış. Milli dəyərlərimizin tərkib hissəsi olan bu gecənin ən əhəmiyyətli atributlarından biri qarpızdır. Bayram günü, demək olar ki, bütün evlərdə çillə qarpızı kəsilir. Əksər ailələr belə qarpızları əvvəlcədən alıb saxlayarlar. Çillə qarpızına bolluq, bərəkət rəmzi kimi baxılır!

Etnoqraf qeyd edib ki, çillə gecəsində qarpız kəsmək qışı xoş qarşılamaqla bərabər, ondan qorxmamağa işarədir:

“Çillədə qarpız kəsəndə deyərlər ki, “ay qarpız, mən səni necə kəsirəmsə, çilləni də belə tez kəsim”. Nişanlı qızlara da oğlan evindən xonçada qarpız aparılması adəti bu gün də cənub rayonlarında yaşadılır. Süfrəsində qarpızı olmayanlar isə ağ boranı kəsib qaynatmaqla bayramı qeyd edirlər. Lənkəranda qış fəslində əkin-biçin, təsərrüfat işləri az olduğundan növbə ilə evlərdə kiçik şənlik mərasimləri “Şəvnışt” təşkil edərmişlər. Bu isə qədim adət-ənənələrin qorunub-saxlanılması ilə yanaşı, qış vaxtı xüsusilə kənd və kiçik yaşayış yerlərində bir növ sosiallaşmağa xidmət edib. Qarpızın oval şəkli günəş, üzərindəki zolaqlar günəş şüaları, qırmızı dilimləri od, toxumları artım, törəyiş və s. ifadə etməkdədir. İnanca görə, qarpızın qeyd etdiyimiz mifoloji-rəmzi özəllikləri insanları mövsümün çətinliklərindən qorumağı, fiziki, ruhi möhkəmliyi təmin etmiş olub. Beləcə, süfrəniz daim bol-bərəkətli, qəlbləriniz istənilən soyuqluğu dəf edəcək qədər hərarətli olsun. Çillə gecəsinin qayəsi də budur”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png