Şagirdlərə satılan orta məktəb gündəliklərinin bir qismində Laçın rayonunun işğaldan azad olma tarixi səhv yazılıb.
ONN media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Yayılan məlumatda Laçın rayonunun azad olunduğu tarix 1 dekabr deyil, 1 oktyabr kimi qeyd olunub.
Təhsil Nazirliyindən saytımıza bildirildi ki, bu məsələ onların səlahiyyətində deyil, məktəbli gündəliklərini nəşriyyatlar satışa çıxarır.
Təhsil mütəxəssisi Kamran Əəsədov isə qeyd edir ki, məktəblərin inzibati binasına daxil olacaq və şagirdlərin istifadəsinə veriləcək bütün resurslara Təhsil Nazirliyi nəşr hüququ (qrif) verməlidir:
“Belə çıxır ki, xarici kəşfiyyat orqanları ölkəmizdə hansısa nəşriyyatla razılığa gəlib, istənilən informasiyanı “gündəlik” vasitəsilə uşaqlara ötürə bilər? Ona görə də məktəblərdə yalnız nazirlik tərəfindən icazə veriləcək “gündəlik”lərdən istifadə edilməlidir. Təəssüf ki, bəzən “gündəlik”lərdə məktəbə aid olmayan informasiyalar da olur. Hansısa nəşriyyat hazırlıq kursunun tədris mərkəzi ilə razılığa gəlib “gündəlik”lərə oranın reklamını yerləşdirir. Halbuki qanunvericilik və dərslik siyasətinə görə bu tip reklam gedən resurslardan istifadə edilməməlidir.
Məktəbə Təhsil Nazirliyi cavabdehdir və məktəblər nazirliyə tabedir. Necə ki, dərslikləri tender elan edib buraxırlar, “gündəlik”lər də o şəkildə olmalıdır”.(axar.az)