ONN İnformasiya Agentliyi

Ali məktəblərdə hazırlıq qrupları yaradılır – Qəbul necə aparılacaq?

Ali məktəblərdə hazırlıq qrupları yaradılır – Qəbul necə aparılacaq?
27 Noyabr 2018 - 10:56

Nazirlər Kabineti “Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası”nı təsdiqləyib. Qərara əsasən, Təhsil Nazirliyin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunacaq.

ONN media xəbər verir ki, hazırlıq qruplarında təhsil əyani formada aparılacaq.

Tədris ili 2 semestrdən ibarətdir və oktyabr ayının 1-də başlayır. Hər semestrdə 15 həftə nəzəri tədris üçün, birinci semestrin sonunda 2 həftə tələbələrin biliyinin aralıq qiymətləndirilməsi üçün, ikinci semestrin sonunda isə 2 həftə buraxılış imtahanları üçün nəzərdə tutulur.

Hazırlıq qruplarında təhsilalanlar üçün 2 həftəlik qış tətili müddəti müəyyənləşdirilir. Hazırlıq qruplarında dərslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları” (bundan sonra – Qaydalar) ilə müəyyən olunmuş ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə imtahan fənlərini əhatə edən və Nazirlik tərəfindən təsdiq olunan hazırlıq qruplarının tədris planları əsasında aparılır.

Birinci semestrin sonunda tələbələrin biliyinin qiymətləndirilməsi və tədrisin keyfiyyətinin monitorinqi məqsədi ilə ali təhsil müəssisələri tərəfindən aralıq imtahanları keçiriləcək. Aralıq imtahanlarının nəticələrindən asılı olmayaraq, tələbələr ali təhsil müəssisəsinin hazırlıq qruplarından xaric olunmur və təhsillərini tədris ilinin sonunadək davam etdirirəcəklər. Aralıq imtahanları Qaydalara uyğun olaraq keçirilən tələbə qəbulu imtahanlarına müvafiq formada təşkil edilir.

Hazırlıq qruplarında təhsil alan tələbələr ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına riayət etməyə borcludurlar. Tələbə ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda və ya tədris aparıldığı semestrdə fənlər üzrə ayrılmış ümumi saatların 25 faizindən çoxunda iştirak etmədikdə, ali təhsil müəssisəsinin hazırlıq qrupundan xaric olunacaq.

Hazırlıq qrupları Qaydalarla müəyyən olunmuş ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə formalaşdırılır və hər qrupda tələbələrin sayı 20 nəfərdən çox olmamalıdır. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədris olunan fənlər üzrə qrup birləşmələrinə icazə verilmir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.9-cu maddəsinə uyğun olaraq, hazırlıq qruplarında ixtisaslar üzrə tələbə qəbulu Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Müsabiqənin nəticələri elan olunduqdan sonra, Nazirliyin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir, ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlər tərəfindən Qaydalara uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən müsabiqə yolu ilə yerləşdirilmə aparılır. Onlar barədə məlumat “Tələbə-Məzun” dövlət elektron məlumat sisteminə daxil edilir.

Hazırlıq qruplarında tədrisin sonunda Mərkəz tərəfindən Qaydalarda nəzərdə tutulmuş qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları keçirilir və buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hazırlıq qruplarında tədris bitdikdən sonra ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunmayan tələbələr barədə “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində müvafiq qeyd aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png