Aprelin 15-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının ən fəal qurucularından, məşhur “91-lər”dən olan, filologiya elmləri doktoru, cavidşünas, filoloq-tarixçi, türkoloq alim, professor Əjdər İsmayılovun anadan olmasının 85-ci ildönümünə həsr olunan konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə Əjdər İslamyılovun həyat və fəaliyyəti haqqında danışaraq onun şərəfli ömür yolu keçdiyini bildirib. Əjdər İsmayılovun görkəmli elm xadimi, nüfuzlu ziyalı olduğunu deyən A.Rəhimzadə diqqətə çatdırıb ki, o, həyatının sonuna qədər ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalıb, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib. Əjdər İsmayılov bütün fəaliyyətində dövlətçiliyə sadiq olub və xalqımıza şərəflə xidmət göstərib.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışında Əjdər İsmayılovun Azərbaycan elmində böyük iz qoyduğunu deyib. Bildirib ki, həm filologiya, həm də tarix sahəsində mərhum professorun mühüm elmi əsərləri və araşdırmaları var. S.Qurbanov qeyd edib ki, 1990-cı illərin əvvəlində mövcud olan böhran şəraitində Azərbaycanın gələcəyini düşünən ziyalılar kimi Əjdər İsmayılov da xalqımızın üzləşdiyi çətinliklərdən xilas yolunu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Bu səbəbdən də, görkəmli ziyalımız həm 1992-ci ildə yaş senzinin ləğv olunması tələbi ilə keçirilən mitinqlərdə fəal iştirak edib, həm də Ulu Öndərə müraciət etmiş “91-lər”dən biridir. S.Qurbanov Əjdər İsmayılovun həyat və fəaliyyətini sədaqət və cəsarət nümunəsi kimi səciyyələndirib.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü, Əməkdar elm xadimi Şahlar Əsgərov isə Əjdər İsmayılovu möhkəm əqidəli və prinsipial şəxs kimi dəyərləndirib. Məhz bu mövqeyinin nəticəsidir ki, o, “91-lər”in müraciətinə imza atıb. Çünki o zaman Heydər Əliyevi müdafiə edənlər ovaxtkı hakimiyyət tərəfindən təzyiqlərə, təhdidlərə məruz qalırdılar. Amma Əjdər İsmayılov heç vaxt öz prinsipial mövqeyindən dönmədi. Ş.Əsgərov həmçinin Ə.İsmayılovun Azərbaycan elminə böyük töhfələr verdiyini vurğulayıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli çıxışında professor Əjdər İsmayılovun Azərbaycan elmi qarşısında xidmətlərindən, Hüseyn Cavid yaradıcılığı ilə bağlı araşdırmalarından, ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri ilə mübarizəsindən ətraflı bəhs edib. Vurğulayıb ki, Əjdər İsmayılov həm də böyük türkçü alim idi.
Konfransda daha sonra YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyf İmamverdiyev, YAP Veteranlar Şurasının üzvü, professor Ədalət Fərəcov və digərləri çıxış edərək mərhum professor Əjdər İsmayılovun cəsarətli, qətiyyətli mövqeyindən, ulu öndər Heydər Əliyev yoluna sadiqliyindən ətraflı bəhs ediblər. Mərhum professorun elmi yaradıcılığından danışan natiqlər vurğulayıblar ki, Əjdər İsmayılov "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları", "Moisey Xorenatsi anonim keşiş müəllifdir", "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir", "Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir" tarixi əsərlər və bir sıra elmi məqalələr yazaraq bizə miras qoyub. Bildirilib ki, professor Əjdər İsmayılovun həyat və fəaliyyəti gənc nəsl üçün nümunədir.
Sonda çıxış edən professor Əjdər İsmayılovun oğlu, iqtisadçı alim Cavid İsmayıl atası haqqında xatirələrini bölüşüb, onun ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyi, dövlətçiliyə xidmətləri ilə qürur duyduğunu vurğulayıb. C.İsmayıl atasının xatirəsinə göstərilən ehtirama, bu konfransın təşkil edilməsinə görə öz təşəkkürünü bildirib.//yap.org.az



SADİQ QURBANOV: "Tanınmış professor koronavirusa yoluxub"
Dünənin SABAHI - Professor ƏJDƏR İSMAYILOV haqqında film
Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib
Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib
Bu gün Əjdər İsmayılovun doğum günüdür
Mən tarixi Yunus Oğuzdan daha yaxşı öyrənirəm, nəinki tarixdən- ÖZƏL
YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu – SİYAHI
Mühüm bir dərs-TARİXÇİ ALİMLƏ
Professor Əjdər İsmayılov vəfat edib
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - ADPU-da
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - kitabının təqdimatı olub - Xəzər Universitetində
Qırx mərasimi ilə üst-üstə düşən AD GÜNÜ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 