ONN İnformasiya Agentliyi

Vergilər artırılır: Siqaret və spirtli içkilər nə qədər bahalaşacaq? – AÇIQLAMA

Vergilər artırılır: Siqaret və spirtli içkilər nə qədər bahalaşacaq? – AÇIQLAMA
03 Noyabr 2021 - 14:26

Vergi Məcəlləsinə bir sıra dəyişikliklər nəzərdə tutulur ki, bunlardan biri də siqaret və spirtli içkilərə tətbiq olunan aksiz dərəcələrinin artırılmasıdır.

Layihəyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır.

Eyni zamanda qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə tətbiq olunan 12,9 manat aksiz dərəcəsinin 14 manat qaldırılması təklif olunur.

İçməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak materialları hər litrinə tətbiq olunan aksiz dərəcəsi 3,2 manatdan 4 manata qaldırılır.

ONN media bildirir ki, iqtisadçı ekspert Xalid Kərimli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, nəzərdə tutulan dəyişikliyə əsasən tütün məhsullarına tətbiq olunan aksiz vergisi təqribən 10%, spirtli içkilərin hər litrinə görə olan vergilər isə təqribən 25% artırılır: 

“Bunun qiymətlərə təsiri təbii ki, vergidəki artım faizləri qədər olmayacaq. Məlumdur ki, spirtli içki məhsulları sənayesində məhsulun maya dəyərini formalaşdıran spirt və sudan başqa qablaşdırma xərcləri, avadanlıqların amortizasiya xərcləri, enerji və işçi xərcləri var. Bu baxımdan yalnız aksiz dərəcələrinin qaldırılması ilə bağlı spirtli içki sənayesində qiymətlər cüzi arta bilər ki, bu da 1-2% həcmində nəzərdə tutula bilər. Hətta istehsalçılar dəyər zəncirindən asılı olaraq bu artımı marja hesabına kompensasiya edə və son qiymətə əks etdirməyə bilərlər”. 

Ekspert qeyd edib ki, tütünün material dəyəri də tütünün maya dəyərini tam əhatə etmir:

“Məhsulun satış maya dəyərində marketinq-reklami, işçi, qablaşdırma, amortizasiya və s. xərclər əhəmiyyətli hissə təşkil edir. Vergi dərəcəsində 10%-ə qədər artım isə məhsulun son qiymətinə 1%-ə qədər təsir edə bilər”. 

“Bunlar qiymət artıran faktorlar olsa da, son qiymətə cüzi təsirləri gözlənilir. Bununla parallel surətdə bilirik ki, bütün qeyri-ərzaq məhsullarının ümumi istehsal dəyəri son bir ildə sürətlə artmaqdadır. Buna görə də, sözügedən məhsulların qiymətində artımları sırf aksiz dərəcələrinin artımı ilə bağlı yox, dəyər zənciri və daşıma xərclərindəki artımla inflyasiyanın təsiri altında müşahidə edəcəyik”, – deyə X. Kərimli əlavə edib. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png