ONN media Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, yanvarın 28-də "Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin yekunları ilə bağlı mükafatlandırma mərasimi keçirilib. Dövlət Gömrük Komitəsi və Mətbuat Şurasının birgə təşkil etdiyi müsabiqə 30 yanvar - gömrük əməkdaşlarının peşə bayramına həsr olunub. Mərasimdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, baş idarə rəisləri, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli və müsabiqədə mükafatlandırılan jurnalistlər iştirak ediblər. Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov gömrük sistemində aparılan islahatlar çərçivəsində gömrük-media münasibətlərinin də yeni müstəvidə inkişaf etdiyini bildirib, bu sahədə yeniliklərin ictimaiyyətə çatdırılmasında Azərbaycan mediasının səmərəli və peşəkar yanaşmasından məmnunluqla bəhs edib. İsmayıl Hüseynov qeyd edib ki, müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev və onun ideyalarının sadiq daşıyıcısı Prezident İlham Əliyev daim mediaya qarşı həssaslıq göstərib, kütləvi informasiya vasitələrinin inkişafı üçün xüsusi proqram və layihələr həyata keçiriblər. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin media ilə münasibətlərdə müəyyənləşdirdiyi siyasətdən nümunə götürən Dövlət Gömrük Komitəsi öz fəaliyyətində ictimaiyyətlə əlaqələrə xüsusi diqqət yetirir, kütləvi informasiya vasitələri ilə iş prinsipini açıq və şəffaf əməkdaşlıq zəminində həyata keçirir. 2018-ci il ərzində təşkil edilən yazı müsabiqəsi, mediatur və təlimlərdə jurnalistlərin fəal iştirakını yüksək qiymətləndirdiklərini bildirən Komitə sədrinin birinci müavini, görülən işlərin nəticəsi olaraq gömrük sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər və layihələrlə bağlı dolğun, peşəkar yazıların hazırlanıb yayımlandığını deyib və buna görə media nümayəndələrinə təşəkkürünü ifadə edib. İsmayıl Hüseynov gömrük-media münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib və müsabiqə iştirakçılarına sonrakı fəaliyyətlərində də uğurlar arzulayıb. Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli ölkədə genişmiqyaslı mütərəqqi islahatlar aparıldığını, gömrük orqanlarının bu prosesdə xüsusi fəallıq nümayiş etdirdiyini və gömrük sistemində tətbiq edilən innovativ islahatların bir sıra qurumlara nümunə olduğunu deyib. Vurğulanıb ki, gömrük sistemində islahatlar kompleks xarakter daşıyır və həyata keçirilən innovativ proqramda gömrük-media münasibətləri də səmərəli və işgüzar müstəvidə inkişaf edir. Müşfiq Ələsgərli bu çərçivədə reallaşdırılan tədbirlərin artıq media qurumlarında konkret sahələr üzrə ixtisaslaşmış kadrların yetişməsinə və gömrük sistemi haqqında dolğun, düzgün məlumatların ictimaiyyətə çatdırılmasına münbit şərait yaratdığını diqqətə çatdırıb. Sonra çıxış edən Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov iştirakçılara fəal əməkdaşlığa görə təşəkkürünü ifadə edib və bildirib ki, müsabiqəyə ümumilikdə 38 yazı təqdim olunub. Komitədə aidiyyəti qurumlar tərəfindən qiymətləndirilən yazıların ən yaxşıları seçilib. Daha sonra müsabiqədə iştirak edən jurnalistlər mükafatlandırılıb. Müsabiqəyə təqdim olunan yazılardan 5-nə həvəsləndirici mükafat verilib. "Səs" İnformasiya Agentliyinin əməkdaşı Elgün Aslanov I, "Bakı-Xəbər" qəzetinin əməkdaşı Samirə Səfərova və "Olaylar" qəzetinin əməkdaşı Aysel Oğuz II, "Həftə içi" qəzetinin əməkdaşı Azad Əliyev və "Bizim yol" qəzetinin əməkdaşı Gülnarə Məmmədova isə III yerə layiq görülüblər. Sonda qaliblərə mükafat və diplomlar təqdim olunub.
"Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar" adlı müsabiqənin qalibləri mükafatlandırıldı

