ONN İnformasiya Agentliyi

“Jukovun Naxçıvandakı papağı”- Tahir Tahiroviç yazır

“Jukovun Naxçıvandakı papağı”- Tahir Tahiroviç yazır
14 Noyabr 2023 - 17:38

Tələt kişi Böyük Vətən müharibəsinin iştirakçısı idi. Hətta marşal Jukovun Belarusiya cəbhəsindəki qərargahında qapıda növbətçi də dayanmışdı. Dediyinə görə, Jukov qarlı bir gecədə çölə çıxarkən Tələtin üşüdüyünü görüb başındakı göy rəngli papağı və şineli ona verib.
Müharibədən 50 il keçməsinə rəğmən, Tələt hələ də o papağı başından çıxarmamışdı. Heç yumurdu da. Deyirdi bu papağın üstünə çox bombalar yağıb, qiymətli xatirədir.

Tələt həmişəki kimi səhər tezdən saat 05:00-da kafesini açıb mətbəxə keçdi. Xaşın qoxusu kafeni bürümüşdü. Dünən gecə yarısından qazana yığdığı mal dırnaqlarını qarışdırmaq istədi. Qazanın qapağını açanda gözlətinə inanmadı. Dırnaqlar gömgöy idi. Gözlərini ovuşdurub bir də baxdı ki, bəlkə, ona elə görünüb. Qaçıb pəncərə pərdələrini açdı ki, işıq düşsün. Bayırda alaqaranlıqdı, hava hələ işıqlanmamışdı. Mal dırnaqlardan birini kəfkirlə götürüb kənarda yenidən diqqətlə baxdı. Kor kor, gor gor, xaş gömgöy idi. Qeyri-iradı iri bir qaşıqla qazanı yenidən qarışdırdı, birdən ilan görmüş kimi sıçradı, marşal Jukovun papağı xaşın içində qaynayırdı.

Qayıdaq dünən axşamçağına. Tələt dırnaqları yuyub sıra-sıra qazanın dibinə düzür, dodağının altında “Katyuşa”nı oxuyurdu. O qədər araq içmişdi ki, ayaq üstə dayana bilmirdi. Səngərləyə – səngərləyə mal ayaqlarını qazanın dibinə düzəndə başından papağın qazanın içinə düşməsindən xəbəri də olmayıb. Otağın qaranlıq, özünün də kefli olduğundan hiss etməyib. Papağın üstündən bir sıra da mal dırnağı düzüb. Bax beləcə, papaq xaşla bərabər səhərə kimi qaynayıb.

Tələt bilmədi neynəsin. Başına hava gələcəkdi. Nə az, nə çox, 45 pay dırnaq atılmalı idi. Nə fikirləşdisə tez ayağa qalxıb motorollerini işə saldı. Bayırda qar yağırdı. Naxçıvanın kəskin şaxtası buz kimi kəsirdi. Tələt kürkünü belə geyinməyib motorolleri ilə şütüyürdü. Evə çatıb əl damına daxil oldu. Keçən il şüşəbəndini göy rənglə rənglədiyindən bankanın dibində az da olsa qalmışdı. Onu götürüb tez özünü kafeyə çatdırdı. Ayağının altına kətil qoyub elektrik lampalarını göy rənglə rənglədi. Kafe göy rəngə büründü. Hara baxırdın göy rəngdə idi. Tələt tam arxayın olmaq üçün gedib güzgünün qarşısında dayandı. Özünü güzgüdə göy rəng görəndə sevindi.
Xaş sevərlər ara sıra gəlməyə başladılar. Tələt qonaqlara elan etdi ki, bu gün marşal Jukovun ad günüdür, araq pulsuzdur. Bunu eşidən xaş sevərlər sevindilər. Tələtin məqsədi hava işıqlanmamış xaşı satıb qurtamaq idi. Hamı bir-bir Tələtdən xaşın niyə belə göy rəngə çaldığını soruşurdu. O, da hirsli-hirsli sovet hökümətinin düzəltdiyi lampaları söyürdü. Bir saata yaxın göy rəngə fikir vermədən bütün sağlıqlar marşal Jukovun adıyla bağlandı. Qonaqlar arağın pulsuz olduğundan məmnun idilər. Bax beləcə, Tələt 45 porsiya xaşını satdı.

Tahir Tahiroviç

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png