Oktyabrın 16-da Qara Qarayevin ev-muzeyində Azərbaycanın ötən əsrdə ilk ali təhsilli qadınlarından biri Sona Axundova-Qarayevanın 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirildi.
Mədəniyyət Nazirliyindən ONN media -ya verilən məlumata görə, kitabda professor Şamil Qurbanov, Əməkdar jurnalist Flora Xəlilzadə, eləcə də Savalan Fərəcov və Aytən Qəhrəmanovanın məqalələri yer alıb. Nəşrdəki materiallar Azərbaycan, rus və ingilis dillərində verilib. M.F.Axundzadə adına Milli Kitabxananın iştirakı ilə hazırlanan kitab Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşridir.
Təqdimatda çıxış edən kitabın tərtibçisi və redaktoru Səlim Babullaoğlu bildirdi ki, 1974-cü ildə nəşr olunan “Azərbaycanın aşıq və şair qadınları” kitabında Sona Axundova-Qarayevanın “Vətən” adlı şeiri də verilib. Şeirdə çox təsirli misralar var:
Olmaram razı əgər cəhldə qalsa vətənim,
Vətənim qalsa əgər cəhldə yansın bu tənim...
Bu şeirlə ötən əsrdə Sona xanımın xalqımızın maariflənməsinə nə qədər böyük ürək yanğısı ilə yanaşdığının şahidi oluruq.
Qeyd olundu ki, Sona xanımın atası İsgəndər Mirzə Əbdülhüseyn bəy oğlu Axundov 1862-ci ildə Şamaxı şəhərində anadan olub. Molla yanında ibtidai təhsil alıb, sonra gimnaziyada oxuyub. Tanınmış vəkil, həm də “İttihad” partiyasının üzvü olub. Züleyxa xanım Bayraməlibəyova ilə ailə qurub. Aslan və Əjdər bəy adlı oğlanları, Sona, Ceyran və Leyla xanım adlı qızları dünyaya gəlib. İsgəndər bəy 1934-cü ildə vəfat edib.
Sona xanım 1898-ci ildə Bakı şəhərində anadan olub. On üç yaşında valideynləri onu Bakı Şəhər Bələdiyyə İdarəsi yanında qız məktəbinə qoyurlar. Bu məktəbi bitirib “Müqəddəs Nina” məktəbinin Bakı bölməsində təhsilini davam etdirir. O daha sonra fortepiano ifaçılığı üzrə musiqi təhsili də alır.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar vurğuladı ki, tədbirin Qara Qarayevin ev-muzeyində keçirilməsinin özü simvolik məna daşıyır: “Sona xanım bu evdə vətən üçün layiqli övladlar böyüdüb. Sona xanım şərəfli bir qadın ömrü yaşayıb. Dövrünün tanınmış müəllimlərindən olan Şəfiqə Əfəndiyevadan dərs alan Sona xanım sonradan müəlliminin əməllərinin davamçısı kimi vətəni cəhalətdən qurtarmaq üçün mübarizə aparan xanımlardan biri kimi tanınıb. O, Azərbaycan elmi və mədəniyyətinin fəxr olan Mürsəl və Qara Qarayevləri yetişdirib”.
Daha sonra Anar Azərbaycan yazıçılarının Qara Qarayev haqqında məqalələrindən ibarət kitabı bəstəkarın ev-muzeyinə hədiyyə etdi.
Xalq artisti, kinorejissor Oqtay Mirqasımov xalası Sona xanımla bağlı xatirələrini bölüşdü: “Bu evdə uşaqlığımla bağlı saysız-hesabsız xatirələrim var. Sona xalam çox gözəl yeməklər bişirərdi. O qədər maraqlı və şirin yumorla bizi dindirərdi ki, onunla söhbətdən zövq alardıq. Onu həmişə kübar xanım kimi xatırlayıram. Bəzən bizə elə gəlir ki, ziyalı təbəqəmiz bu gün yetişir. Lakin ötən əsrdə bizim qüdrətli ziyalılarımız olub və onların bir-birinə münasibəti bu gün nümunədir”.
Təqdimatda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Sona xanımın yaşadığı evdə onun xatirəsini yad etməyə gələn hər kəsə təşəkkür etdi. Bildirdi ki, tədbirdə xaricdən də qonaqlar iştirak edir: “Bu gün İsveçdən gələn nümayəndə heyətinin tərkibində yer alan vaxtilə Qara Qarayevin qardaşı oğlu Cahangirin tələbəsi də buradadır. İnsanlar mədəniyyətin müxtəlif sahələri ilə ölkələrini təmsil edir, körpü yaradırlar”.
Sona xanım haqqında xatirələrini bölüşən nazir dedi: “Nənə hər bir şəxsin həyatında ən əziz insandır. Sona xanım çox incə, təmkinli, heç vaxt öz emosiyalarını büruzə verməyən qadın idi. Onun evdə, ailədə böyük nüfuzu vardı. Heç kim sözündən çıxmazdı. Atam, anam, əmim həmişə onu dinləyərdilər. Sona xanım təhsilin, savadın dəstəkçisi idi. O, hər zaman uşaqların xoşbəxtliyi üçün çalışırdı. Kitabın tərtibçisi Səlim Babullaoğluna Qarayevlər ailəsinin salnaməsini yazdığına görə təşəkkür edirəm. Sona xanım haqqında çoxsaylı məqalələr yoxdur. Lakin yazılanları xatirə şəklində toplayıb təqdim etmək təşəbbüsü də böyük əhəmiyyət kəsb edir”.
Təqdimat mərasimi Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin konsert proqramı ilə davam etdi.



Leyla Əliyevanın "Sevgi" kitabının təqdimatı oldu
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Qara Qarayevin kino musiqisi” kitabı işıq üzü görüb
Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyləri münasibətilə tədbir keçirildi
Qara Qarayevin ev-muzeyinin açılış mərasimi keçirildi
“Qırmızı şaman” əsərinin Yakutskda təqdimatı olub
Prezidentdən Elmira Axundova ilə bağlı qərar
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - ADPU-da
Daşkənddə Azərbaycan və özbək dillərində çap edilmiş şeirlər kitabının təqdimatı keçirilib
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - kitabının təqdimatı olub - Xəzər Universitetində
Tanınmış teatrşünasın yeni kitabı nəşr edildi
Əliyevə təqdim olunan kitabda nələrdən bəhs edilir?
Qara Qarayevin 100 illiyinə həsr olunan tədbir keçiriləcək
Ukrayna Nisanovun Moskvadakı bazarını vurdu
İran sərhədçiləri minaya düşdü: ölən var
Azərbaycanda iqtisadi inkişafla bağlı çətinlik gözlənilmir
DÇ-2026: ikinci tura start verilir
Neft Emalı Zavodunda yanğın başladı
Azərbaycanda pensiya ilə bağlı mühüm qərar
Azərbaycan buna görə birinci yerdədir
DİM rəsmi məlumat yaydı
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
“Qarabağ” Medina ilə bağlı rəsmi açıqlama yaydı
Prezident bu bankın sədrini təltif etdi
Prezident onları təltif etdi
Temperatur 36 dərəcəyə yüksələcək
"İdrak"da müəllimi güllələyən şagirdlə bağlı qərar
Maştağada 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb 