ONN media Publika-ya istinadla xəbər verir ki, Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsində aparılmış auditin nəticələrinə dair məlumatı açıqlayıb.
Palatadan verilən məlumata görə, nazirliyin internet səhifəsində ÜSY alanların siyahısı üzrə məlumatlarda Zaqatala rayonu üzrə VEMTAS vasitəsilə təyinat aparılmış 508 ailəyə Ünvanlı Sosisla Yardım ödənilir.
VEMTAS-la ÜSY təyinatının araşdırılması məqsədilə təşkil edilmiş monitorinqlər zamanı ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından və yardımçı təsərrüfatdan gəlirlərin nəzərə alınmaması, ailənin istifadəsində avtomobilin olmasının VEMTAS tərəfindən aşkar edilməməsi kimi nöqsanlara rast gəlinib.
Məcburi dövlət sosial sığorta haqları hesabına gəlirlərin proqnozlaşdırılması və icrası vəziyyəti araşdırılarkən müəyyən edilib ki, 2017-ci ildə Fond tərəfindən 4389300,0 manat həcmində təsdiq edilmiş proqnoz 89,5% icra edilərək 3926925,19 manat vəsait yığılıb. Həmin vəsaitin 2384463,12 manatı və ya 60,7%-i büdcə, 1542462,07 manatı və ya 39,3%-i qeyri-büdcə sektorundan daxil olub, həmin sektorlar üzrə icra səviyyəsi, müvafiq olaraq, 82,4% və 103,1% təşkil edib.
2018-ci ilin 6 ayı üzrə 2081800,0 manat məbləğində proqnoza qarşı 2033982,87 manat vəsait yığılıb, təsdiq olunmuş proqnoz 97,7% icra edilib. Həmin vəsaitin 1242603,96 manatını və ya 61,1%-ini büdcə sektorundan, 791378,91 manatını və ya 38,9%-ini isə qeyri-büdcə sektorundan daxilolmalar təşkil etmiş, büdcə sektoru üzrə 1226900,0 manat məbləğində təsdiq edilmiş proqnoz 101,3%, qeyri-büdcə sektoru üzrə 854900,0 manat məbləğində təsdiq edilmiş proqnoz 92,6% icra edilib.
Audit nəticəsində hüquqi şəxslər və fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının az hesablanması, bir sıra hallarda fiziki şəxslərlə hesablaşmaların onların fəaliyyət növü və yerinə uyğun aparılmaması və ya ümumiyyətlə aparılmaması kimi nöqsanlara rast gəlinib, debitor borcların aradan qaldırılması istiqamətində Şöbə tərəfindən qanunvericiliklə müəyyən edilmiş bütün vasitələrdən tam istifadə edilməyib, qaldırılmış iddia məbləğinin təmin olunmasından sonra da vəsaitlərin tam ödənilməsi təmin edilməyib, ödənilmiş vəsaitlərin vətəndaşların fərdi hesablarına işlənilməsində nöqsanlar olub, sanatoriya-kurort yollayışlarının satılması (verilməsi) fəaliyyəti üzərində qanunvericiliklə müəyyən edilmiş nəzarət tədbirləri həyata keçirilməyib.