Azərbaycan müharibə şəraitində yaşadığından cəmiyyətimizdə vətənpərvərlik təbliğatı ən ali məqsəd olmalıdır. Bunun üçün isə cəmiyyətin bütün təbəqələri əlindən gələni etməlidir. Ancaq reallıq ondan ibarətdir ki, ölkədə vətənpərvərliyin təbliği istənilən səviyyədə qurulmayıb. Xüsusən, orta və ali məktəblər, eləcə də kütləvi informasiya vasitələri bu məsələdə passivlik nümayiş etdirirlər. Əslində isə vətənpərvərliyin təbliği telekanallardan tutmuş təlim-tərbiyə, təhsil müəssisələrinə qədər, mətbuatda, dərsliklərdə birbaşa əksini tapmalıdır. Ordu, şəhidlər, Milli Qəhrəmanlarla bağlı müxtəlif yönümlü maarifləndirmə işləri görülməli, məqalələr yazılmalı, verilişlər göstərilməlidir. Təəssüf ki, sadalanan məsələləra bir o qədər də diqqət yetirilmədiyindən əsas güc ailələrin üzərinə düşür. Bütün hallarda etiraf edilməlidir ki, vətənpərvərliyin təbliğində ailənin xüsusi yeri, xüsusi təsir dairəsi var. Təsadüfi deyilməyib ki, vətənpərvərlik hissi uşağa ilk növbədə atadan, anadan gəlməlidir. Məlum olduğu kimi ailə ictimaiyyətin təməl daşı hesab olunur. Ən qədim sosial institut olan bu "kiçik dövlət"lə bağlı mövzular bütün zamanlarda öz aktuallığı ilə seçilib. Azərbaycanlılar üçün isə ailə dəyərləri, onun mənəvi-əxlaqi keyfiyyətləri həmişə xüsusi önəm daşıyıb. Amma cəmiyyətin bütün elementləri kimi, ailə də daim dəyişikliyə məruz qalır. İctimai inkişaf prosesi ailənin formalaşmasına, qadının və kişinin ailədə tutduğu yerə, uşaqların tərbiyəsinə, ailə planlaşmasına öz təsirini göstərir. Lakin bütün bunlar daxilində milli mentalitetə məxsus ailə dəyərlərinin qorunub saxlanılması olduqca vacib məsələdir. Ailədə vətənpərvərlik tərbiyyəsi yeksək səviyyədə olduqda istət-istəməz gənc nəsil Vətənə, torpağa bağlı olur. Ancaq etiraf edilməlidir ki, Azərbaycan ailələrində hərbi-vətənpərvərlik tərbiyəsi istənilən səviyyədə olmadığından ciddi narahatlığa əsas var. Nəzərə alınmalıdır ki, hazırda az sayda ailələr qarşısını övladının vətənpərvər böyütməsi məqsədini qoyur. Əksər hallarda ailələr bu vəzifəni məktəblərin üzərinə qoymaqla yaxalarını belə məsuliyyətli məsələdən çəkməyə çalışırlar. Məhz bu kimi məsuliyyətsizlikdən sabahımız olan uşaqların, yeniyetmə və gənclərin əksəriyyəti Azərbaycanın hansı bölgələrinin erməni işğalı altında olduğunu belə bilmirlər. Sosisl sorğuların nəticələri deməyə əsas verir ki, bir sıra gənclər hətta neçə Milli Qəhrəmanımızın olduğunu, onlardan heç olmasa 3-4 nəfərin adını bilmir. Əgər məktəbdə, universitetlərdə, küçədə sorğu keçirilsə, yəqin ki əksəriyyət neçə Milli Qəhrəmanın şəhid, neçəsinin isə sağ olduğunu söyləməkdə çətinlik çəkəcək. Bu isə bir daha göstərir ki, uşaqların vətənpərvər övlad kimi yetişməsində ailə tərbiyəsinin xüsusi rolu var. Odur ki, biz ailədə dili yenicə söz tutmağa başlayan, ağlı yenicə kəsən uşaqlarımıza düşmənimizin kim olduğunu, neçə-neçə Vətən oğullarının canlarını qurban verdiklərini, onların niyə müqəddəs sayıldığını, vətənimizin haradan başlayıb, harada qurtardığını, milli kimliyimizi, torpağın ana qədər doğma sayıldığını anlatmalıyıq. Bu isə o deməkdir ki, ki, ailə tərbiyəsi təsadüfən yaranmayıb, bu uzun illərin təcrübəsi nəticəsində formalaşıb.
Etiraf edilməlidir ki, gənclərin vətənpərvər ruhda, şəxsiyyət kimi böyüməsində ailə tərbiyəsinin xüsusi yeri var. Ona görə ki, insan ilk tərbiyyəni ailədə alır. Onun dünyagörüşünün formalaşması isə gənclik dövrünə təsadüf edir. Bu baxımdan ailə tərbiyəsinin oynadığı rolu dəyərləndirərkən, ilk növbədə valideynlərin özünün səviyyəsinə, nə qədər vətənpərvər olmasına xüsusi diqqət yetirilməlidir. Bu məsələdə dövlətin də rolu danılmazdır. Mütəxəssislərin qənaətinə görə, dövlətin vətəndaşı ailədə həm də dövlətin tələb etdiyi tələblərə uyğun tərbiyə almalıdır. Belə tərbiyə məsələsində hər bir valideynin üzərinə böyük yük və məsuliyyət düşür. Sözsüz ki, söhbət hüquqi məsuliyyətdən deyil, mənəvi məsuliyyətdən gedir. Bəlkə də elə bu kimi səbələrdən bəzən ailəni dövlətin kiçik modeli də adlandırırlar. Azərbaycan ailəsinin isə övladını əsil vətənpərvər, torpağına, elinə-obasına bağlı şəxsiyyət kimi yetişdirməkdən ötrü kifayət qədər potensialı mövcuddur. Etiraf edilməlidir ki, Azərbaycan ailəsində həqiqətən də yüksək tərbiyə normaları var. Halbuki, bir çox xalqlarda bu deyimlər yoxdur. Böyüyə hörmət, insanpərvərlik kimi nəcib keyfiyyətlər bizim qədim ənənələrdən gəlir. Bu ənənələrin kökündə də xalqımızın mütərəqqi ailə tərbiyəsi vərdişləri dayanır. Bütün bunlar gənclərimizin sağlam vətəndaş olaraq formalaşmağına çox müsbət təsir göstərir. Bu Azərbaycan ailə tərbiyəsinin vacib elementlərindən biridir. Lakin bütün hallarda, gənclərin şəxsiyyət kimi formalaşmasında onların vətənpərvər ruhda tərbiyə olunması əsas olmalıdır. Bizim həm də müharibə şəraitində olmağımız, torpaqlarımızın bir hissəsinin qəsb edilməsi isə gənclərin məhz vətənpərvər ruhda böyüməsinin əhəmiyyətini bir qədər də vacib edir. Xatırladaq ki, Azərbaycan əhalisinin böyük bir hissəsini 14-29 yaşında olan gənclər təşkil edir. Ölkə əhalisinin mühüm bir hissəsini əhatə edən bu sosial təbəqənin ailədə vətənpərvərlik tərbiyəsi yüksək səviyyədə aparılmalıdır. Azərbaycanın ailə modelinin qarşısında duran ən başlıca vəzifələrdən biri əhaliyə düzgün, sağlam vətəndaşlıq və vətənpərvərlik hisslərini aşılamaqdır. O da faktdır ki, cəmiyyətdə sağlam vətəndaşların formalaşmağında ailə tərbiyəsi ilə yanaşı, uşaq bağçasından tutmuş məktəblər də özünəməxsus rol oynayır. Bir növ bu təsisatların vəhdəti sayəsində tərbiyə işi aparılmalıdır ki, effektli nəticə əldə etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, gənclərin əxlaq tərzi, düşüncəsi, cəmiyyətə, insanlığa, dövlətə, xalqa və vətənə münasibətinin hansı səviyyədə olması ilə bağlıdır. İstənilən halda mütərəqqi övlad tərbiyəsi ənənələrinin təhsil sahələrində geniş təbliğ olunmasına ehtiyac var. Çünki ailədə uşağa verilən tərbiyəni məktəbdəki təlim-tərbiyədən ayrı təsəvvür etmək olmaz. Bu məsələlər bir-biri ilə sıx bağlıolduğundan gənclərin vətənpərvər ruhda tərbiyyəsi ailə və məktəbdə paralel şəkildə aparılmalıdır.
Alim
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUİB-in həyata keçirdiyi "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği" layihəsi çərçivəsində çap olunur.