ONN media xəbər verir ki, 14 noyabr 2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilatçılığı, universitetin tələbəsi Taleh Mirzəyevin layihə rəhbərliyi ilə həyata keçirilən “Gənclərin ermənilərin mənşəyi, dünya və erməni ictimai xadimlərinin ermənilər haqda fikirləri və beynəlxalq erməni terrorizmi haqda məlumatlandırılması” layihəsi çərçivəsində ilk elmi seminar - AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, fiziki antropoloq, Azərbaycanda müasir dövrdə paleoantropologiya sahəsində tədqiqatlar aparan Vüsal Həsənovun “Antropoloji dəlillər ermənilərə yox deyir” adlı seminarı baş tutub. Tədbirdə ADPU-un Humanitar və sosial məsələlər üzrə prorektoru f.e.d., professor Fikrət Rzayev, Ümumi işlər üzrə prorektor Əbdül Xalıqov, prorektor köməkçisi Sahil Qələndərov və elektron seçim prosesindən keçərək iştirak haqqı qazanan 100 tələbə iştirak edib.
Tədbiri giriş sözü ilə açan f.e.d., professor Fikrət Rzayev qonağı və iştirakçı tələbələri universitet rəhbərliyi adından salamladı. Natiq mövzunun aktuallığı, gələcəyin qurucuları olan tələbələrin bu sahədə ciddi elmi dəlillər, yanaşmalar və davranış kodeksinə yiyələnmələrinin əhəmiyyətini xüsusi vurğuladı. O, sözü qonağa verərək, tələbələri bu müzakirələrdə aktiv iştirak etməyə dəvət etdi.
Ekspert Vüsal Həsənov dünyadakı əsas makroirqlər, irqlərin antropoloji tipləri, tiplərin əsas fizioloji əlamətləri, müqayisəli təhlilləri ilə bağlı geniş məlumat verdi, vaxtilə professor Rəbiə Qasımovanın bu barədə əldə etdiyi elmi nəticələr haqda danışaraq əyani nümunələr və elmi dəlillərlə Qafqaz ərazisində antik dövrün bütün mərhələlərində tapılan insan qalıqlarının kaspi antropoloji tipində, digər dövrlərdə isə bu nisbətin alpin, pont və s. kimi Qafqaz və turanit tiplərində təmsil olunduğunu vurğuladı. Bu fakt isə birbaşa olaraq ermənilərin antik dövrdən bəri Qafqazın aborigenləri olmaları iddialarını rədd edən ciddi elmi dəlildir. Çünki ermənilər sadalanan tiplərin heç birində təmsil olunmur. Ermənilər dinarik antropoloji tipinə aiddirlər.
Sonra seminar interaktiv şəkildə davam etdi, tələbələr mövzu üzrə öz fikir və suallarını səsləndirdilər.
Qeyd edək ki, layihənin icrasında məqsəd gənclərin tarixi faktlar, ölkəmizin tarixi və erməni problemi ilə bağlı məlumatlılıq səviyyəsinin əməli və elmi şəkildə artılması, Vətən tarixini dərindən mənimsəmək, Vətənə sevgi ruhunu yüksəltmək və beynəlxalq informasiya savaşında gənclərimizin elmi, milli - ideoloji hazırlıq səviyyəsinin yüksəlməsi, əməli işlər görülməsinin təmininə töhfə verilməsidir. Əsas hədəf kütlə tələbələr, xüsusən, tədqiqatçılıq və xarici ölkələrdə elmi, siyasi tədbirlərdəki mövzuyla əlaqəli debatlara qatılan gənclərdir. Layihə 5 bir-birinə bağlı seminar halında həyata keçiriləcək və iştirakçılar hər bir seminarda iştirak edəcəklər.
Silsilə seminarların sonunda xüsusi hazırlanmış video, elektron və buklet materialları nümayiş olunacaq və iştirakçılara paylanacaq. Layihənin yekununda iştirakçılar sertifikatlarla təltif ediləcəkdir.