ONN media xəbər verir ki, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Musavat.com vasitəsilə sensasion müraciət edib. Hazırda Avropada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin onun, ayrı-ayrı YAP funksionerlərinin, həmçinin dövlətin rəhbərliyində olan şəxslərin özü, yaxınları barədə səsləndirdiyi fikirlərə etiraz məqsədi daşıyan müraciəti təqdim edirik: "Mən musavat.com vasitəsilə Milli Azadlıq Hərəkatında, Meydan Hərəkatında iştirak edənlərə müraciət edirəm, desinlər, görək bu adamı o proseslərdə görüblər? Azərbaycanın müstəqilliyi, ya Qarabağ uğrunda mübarizədə onun iştirak etdiyini görən olubmu? Mən müraciət edirəm, Əbülfəz Elçibəyin ailə üzvlərinə! Allah onun özünə qəni-qəni rəhmət eləsin! Ailə üzvləri desin, bir dəfə bizim onlar haqqında təhqiramiz ifadə işlətdiyimizi eşidiblər? Ayaz Mütəllibova müraciət edirəm. Etibar Məmmədova, İsa Qəmbərə, Sabir Rüstəmxanlıya müraciət edirəm. Milli azadlıq hərəkatında olanlara bir-bir müraciət edirəm. Heç o bunların ad-familiyasını da yaxşı bilmir, amma mən adbaad hər birinə müraciə edirəm. Onu bu hərəkatda görüblərsünüzsə, deyin! Yaxud sizin haqqınızda, ailə üzvləriniz haqqında bir kəlmə söz deyilibsə, deyin! Nemət Pənahlıya müraciə edirəm. Cəmil Həsənliyə müraciət edirəm, indi onun adından müraciət edirlər, sənin ailən, uşaqların, qohumların haqqında Yeni Azərbaycan Partiyası, yaxud dövlət tərəfindən bir kəlmə söz deyən olub? Heç kəs heç nə deməyib. Kimsə deyib, o, özü bilər, özü aydınlaşdırsın, bu, dövlətin fikri deyil".
S.Novruzov daha sonra hərəkat yolu keçmiş, indi də siyasi arenada olan digər şəxslərə müraciət ünvanlayıb: "Arif Hacılıya, Əli Kərimliyə müraciət edirəm. Hər biri dursun, cavab versin ki, mənim ailəm, mənim evim haqqında filan söz deyilib. Mübarizəni biz kişi kimi aparırıq. Qüdrət Həsənquliyev, Fazil Qəzənfəroğlu, Fərəc Quliyev, Fəzail Ağamalı, Xanhüseyn Kazımlı, Sabir Hacıyevə, bunların hər birinə müraciət edirəm. Biri desin ki, birinin özü, ailə üzvü haqqında indiyə qədər nə isə deyilib. Kimsə bir dənə fakt, sənəd çıxarıb ortaya qoysun, mən gedim, ondan üzr istəyim. Tahir Kərimi məhkəmə sədri ola-ola milli azadlıq hərəkatına qoşulub, sən hardaydın onda? Görmüsənmi onu? Yaxud bu dövlətin, YAP-ın nümayəndələri sənin ail üzvlərin barədə nə vaxtsa pis bir söz deyibmi?"
YAP funksioner dedi ki, bu adamlara iki sualı var: "Birincisi, Milli Azadlıq Hərəkatında, Qarabağın azad olunmasında, döyüşlərdə bu adamı görmüsünüz, yoxsa görməmisiniz? İkincisi, 28 ildir bir-birinizlə siyasi mübarizə aparırsınız. Hüquq müdafiə təşkilatlarının hamısına, başda Novella Cəfəroğlu olmaqla müraciət edirəm. Novella xanım, sənin ailən, uşaqların, nəslin-nəcabətin haqqında mən - neçə ildir mübarizə aparırıq - bir kəlmə demişəm? Sən hüquq müdafiəçisi olanda o, adamları tutub dama qoyurdu, prokurorluq orqanlarında işləyirdi. Xahiş edirəm, mövqeyinizi bildirin! Mənə mövqe lazımdır! Ondan sonra, Sərdar Cəlaloğlu ilə Qurban Məmmədovun adını çəkmirəm, onlar mənim qohumlarımdır, hər ikisi xalanəvəmdir. Adlarını çəksəm, deyəcəklər qohum-əqrabasını yığır. Qurban müəllimin atası Cəlal müəllim müharibə iştirakçısı olub, güllə yarası alıb, sonra da müəllimlik fəaliyyətini davam etdirib. Bizim müəllimimiz, ağsaqqalımız olub. Mənim də iki babam vuruşub. Biri, Qurban müəllimin qohumu 1943-cü ildə Ukraynada həlak olub. O biri babam Berlinə qədər gedib çıxıb. Özüm iki müharibə qəhrəmanıyam. Qəhrəman deyəndə ki, qəhrəmanlığımız bir şey deyil. Torpağımız əgər işğal altındadırsa, nə qəhrəmanlıqdan danışa bilərik? İki müharibənin iştirakçısıyam. Vikipediaya gir, orda mənim orden və medallarım haqqında gör. Elə orden var ki, onu mənə Qorbaçov verib, Allah ona lənət eləsin! Onu bir tərəfə qoyuram. Həm də mənim əxlaqım, tərbiyəm ona yol vermir ki, kimisə söyəm. Cəmil Həsənliyə, Əli Kərimliyə, digərlərinə müraciət edirəm, biri desin ki, bəli, bizi söyüb. Bəli, tənqid eləmişəm, biz siyasi mübarizə aparırıq".
S.Novruzov bir daha Azərbaycanın ictmai-siyasi həyatında olanların hamısına müraciət etmək istədiyini vurğuladı:"Zərdüş, Araz Əlizadə qardaşlarına, Əli Əliyevə müraciət edirəm. Bu adamı görmüsünüzmü? O cümlədən bizim blogerlərin hamısına müraciət edirəm, birincisi, görmüsünüzmü? İkincisi, görmüsünüzmü ki, mən bir adam haqqında hörmətsiz bir söz deyim? Siyasi mübarizə mübarizədir. Siyasi mübarizə təhqir deyil".