ONN İnformasiya Agentliyi

“Zəngəzur” toponiminin qədim etnogenez tarixi” adlı kitabının təqdimatı keçirilib – Qubada FOTO

“Zəngəzur” toponiminin qədim etnogenez tarixi” adlı kitabının təqdimatı keçirilib – Qubada FOTO
13 Oktyabr 2023 - 20:52

Təqdimat mərasimində ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev, Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Aynur Yəhyayeva, “Turan Araşdırma Mərkəzi” İB-nin sədri iqtisadçı, alim-hüquqşünas Cavid İsmayıl, filialın professor-müəllim heyəti, tələbə kollektivi iştirak edib.

Tədbirdə əvvəlcə, müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açıq elan edən filialın direktoru, dosent Yusif Alıyev kollektiv adından “Turan Araşdırma Mərkəzi” İB-nin sədri Cavid İsmayılı salamlayıb, təqdimatın ADPU-nun Quba filialında da keçirilməsindən böyük məmnunluq hissi keçirdiyini ifadə edib, bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-ci ildə elan etdiyi qrant müsabiqəsində qaliblərdən biri olan “Turan Araşdırma Mərkəzi” İB “Zəngəzur toponiminin qədim etnogenez tarixi” adlı layihəsi çərçivəsində tanınmış ictimai-siyasi, elm xadimi, türkçü alim professor Əjdər İsmayılovun eyni adlı kitabının nəşri yer almaqla nəzərdə tutulan tədbirlərdə yer almaq elə bu böyük layihəyə bir töhfə olaraq qiymətləndirilir.

Daha sonra filialın direktoru, dosent Y.Alıyev Quba RİH Başçısı cənab İlqar Mahmudova Quba rayonunda elm, təhsil, tarix, mədəniyyət sahəsində görülən işlərə göstərdiyi yüksək səviyyədə diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. Direktor öz çıxışında vurğulayıb ki, bizlər öz tariximizdə çox önəmli hadisələrə şahidlik edirik. Onlardan ən önəmlisi isə 2020-ci ildə olan 44 günlük və 2023-cü ildə olan 23 saatlıq tarixi qələbələrimizdir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarını tarixi faktlar və dəlillərlə cavablandırmışdır. Bu təbii ki, bütün Azərbaycan üçün bir məsuliyyət hissi oyadır ki, bizlər də hər birimiz öz tariximizi dərindən bilməli, tarixi öyrənməliyik. Bu baxımdan bu gün işığına toplaşdığımız professor Əjdər Tağıoğlunun “Zəngəzur” toponiminin qədim etnogenez tarixi” adlı kitabı da olduqca əhəmiyyətlidir. Daha sonra direktor qeyd edib ki, görkəmli akademik Həsən Mirzəyevin “Dərələyəzin toponim və şivə sözləri”, “Dərələyəz folkloru”, “Qərbi Azərbaycanın Dərələyəz mahalı” (ensiklopedik məlumat) kimi sanballı monoqrafiyaları da çox qüdrətli və böyük əsərlərdir.

Bizlər də pedaqoji heyət olaraq bu əsərləri öyrənir və öyrədirik. Təsadüfi deyildir ki, bizim filialın tarix, pedaqogika və sosial elmlər kafedrasının müdiri dosent Elnur Nəsirovun “İslam tarixi” əsəri də elm aləmi üçün qiymətli töhfədir.Daha sonra söz “Turan Araşdırma Mərkəzi” İB-nin sədri Cavid İsmayıla təqdim edilib. C.İsmayıl öz çıxışında qeyd edib ki, Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevin də dediyi kimi, əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, sentyabr hadisələri zamanı biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. İyirmi dörd saat ərzində, ondan da az həyata keçirilən antiterror tədbirləri nəticəsində Ermənistan ordusu – Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir. Azərbaycan əldə etdiyi qələbə ilə dünya hərb tarixinin şərəf səhifəsini yazdı. Çünki şərəfli millət, şərəfli xalq tarixini şərəflə yazar. C.İsmayıl daha sonra vurğulayıb ki, Azərbaycan tolerant və çoxmillətli ölkədir. Burada yaşayan xalqlar yüksək qardaşlıq ideyaları ətrafında birləşirlər. Çünki istər xalqımız, istərsə də, dövlətimiz digər xalqların dinlərinə, mədəniyyətlərinə və adət, ənənələrinə yüksək ehtiramla yanaşır. Lakin biz xalq olaraq dəfələrlə tariximizdə ermənilərin bizə qarşı olan fikir və əməllərindən əziyyət çəkmişik.

Son antiterror əməliyyatları zamanı gördük ki, Azərbaycan heç bir erməni uşağı, qocanı, mülki əhalini çətin vəziyyətdə qoyacaq əməliyyatlara yol vermədi. Öz tarixi torpaqlarına qayıdışın daha insani formada aparılmasına şərait yaratdı. Bu elmi əsərdə də apardığı araşdırmalarda müəllif bu qənaətə gəlir ki, günümüzə kimi çoxsaylı müəlliflərin “Azərbaycan tarixi” adında yazdıqları kitabların heç birində çağdaş Azərbaycan dövlətçiliyinin tarixi qədim ümumtürk tarixi kontekstində araşdırılmamışdır. Unudulmuşdur ki, ruhu insanın canından, dırnağı mayadan ayırmaq olmaz! Ancaq rus imperiyasının XIX əsrin əvvəllərindən başlanan “Türksüz Ön Qafqaz” ideoloji ölüm konveyri 70 illik Sovetlər Birliyi dövründə etnokökü qarışıq olan, son nəfəsində də nifrət dolu bir pafosla “mən nə “türk” adında millət tanıyıram, nə də türk dili” – deyə ölkə rəhbərliyinin iştirak etdiyi elmi ictimaiyyət toplantısında açıq bəyanat verən bəzi aparıcı alimlərimizi gənclik illərindən düşmən mövqeyinə atdı. Azərbaycan tarixşünaslığında mütləq hakimiyyəti ələ keçirən həmin şəxslər Kremlin “Azərbaycan Respublikası” adlandırdığı coğrafiyada “çoxmillətli xalqlar”ın tarixini yazdılar və yazdırdılar. Bu kontekstdə də tarixşünaslığımızda düşmən konsepsiyasını – “Azərbaycan xalqının etnokökü” məsələsini elmin aparıcı modelinə çevirən, özləri kimi yad düşüncəli, ziyankar etnik qələm sahibləri yetirməyə nail oldular. Bununla da onlar heç bir elmi qaynaqda adı belə çəkilməyən gəlmə etnikləri, hətta hayları türkün əcdad torpaqlarına sahib etdilər. Mənsəb və şöhrət naminə hakimiyyətin müti nökərlərinə çevrilmiş bu dönüklər Azərbaycan türkünün Ön Qafqazda köklənmiş ən qədim nəsil ağacının budaqlarını ümumtürk tarixindən nəinki ayırdılar, hətta qara torpaqdan onun rişələrini də qazıyıb atdılar. Daha sonra ,”Turan Araşdırma Mərkəzi” İB tərəfindən ADPU-nun Quba filialının Kitabxana və elektron resusrlar şöbəsinə, həmçinin tələbələrə 156 adda kitab hədiyyə edildi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png