ONN İnformasiya Agentliyi

Yolu dərvişlikdən keçən AŞIQ QƏMKEŞ - Aynur TURAN yazır

Yolu dərvişlikdən keçən AŞIQ QƏMKEŞ - Aynur TURAN yazır
31-07-2024, 10:05


Xalqın tarixi varlığı sosial-siyasi amillərlə yanaşı, həm də mənəvi mədəniyyətinin qədimliyi ilə bəlli olur. Mənəvi mədəniyyət deyəndə isə sözsüz, birinci yada düşən ilkin söz sənəti folklordur. O folklor ki, yaranıb-yayılmasında yurdda, eldə-obada yaşayan hər fərd, soy, nəsil, ümumilikdə el iştirak edir. Elin sözü, elin özü qədər qədimdir. İlkin nümunələri nə qədər bəsit olsa da, təbiidir, canlıdır. Elin bu zəngin söz xəzinəsinə el özü də onun ritminə uyğun havalar bəstələmiş, onu dodaqaltı qımqımlarla oxumuşlar. Bu havalar cilalana-cilalana sonrakı bəstəkarlıq sənəti üçün ilkin qaynaq olmuşdur. Əsrlər bir-birini əvəz etmiş, zaman dəyişmiş, ancaq xalq inciləri əbədiyaşar olmuşlar. Xalq poeziyası bir sənət abidəsidir. Bu abidənin bir sütunu da aşıq sənətidir.

Aşıq sənəti xalq arasında hər zaman hörmətlə qarşılanan bir

sənət olduğu üçün sovet illərində də inkişaf edib. Amma bununla belə, aşıqlar respublika səviyyəli sənətkarlar kimi aşıq sənətini layiqincə təbliğ edib, Azərbaycan aşıq sənəti tarixi ənənələrdən çıxış edərək bu gün də yaşayıb nüfuz etməkdədir. Aşıq sənətini sevənlər və sənətkarlar tərəfindən çox vaxt hissə-hissə bu cür sənət adamlarının yaradıcılığı qələmə alınıb bugünkü nəsillərə çatdırılıb.

Bəli, Aşıq-ozan  mədəniyyəti çoxəsirlik  tarixə, qədim köklərə malik  sinkretik sənət növü  olmaqla günümüzəcən gəlmiş, yaşamış  və yaşamaqdadır. Qopuzdan saza, yanşaqdan aşığa  qədərki tarixi təkmilləşmə prosesində yeni sənət meyarları meydana çıxmış, elin  ciddi sınaq  və imtahanından  keçən el sənətkarları “dədə”, “ustad”, “pir” və s. kimi şəraitli adların, yüksək titulların  daşıyıcısına çevrilmişlər. Dədə Qorquddan başlamış Dədə Şəmşirə kimi saz-söz sənətkarlarının böyük bir silsiləsi  Azərbaycan  ədəbi-mədəni  mühitinin  formalaşmasına, ana ruhlu musiqimizin  inkişafında öz əvəzsiz töhfələrini vermişlər. Bu sıradan Qurbani, Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Dəllək Murad,  Çoban Əfqan, Yəhyabəy Dilqəm,  Aşıq Pəri, Aşıq Alı, Aşıq Ələsgər,  Adfabanlı Qurban, Aşıq Şəmşir  kimi klassik sənətkarlarımızın poetik irsi şifahi qaynaqlarımızdan  süzülən milli-mənəvi dəyərlərimiz, solmaz  söz incilərimizdir.

…Aşıq sənəti bütün varlığı ilə elinə-obasına bağlı həmin sənətkarların sözü-söhbəti canlı danışıq dilinin gözəllik və incəliklərini özündə birləşdirir. Belə gözəlliklər yaradan el aşıqlarından biri də dağların saz və söz şimşəyi el nəğməkarı, el ozanı  Şair-aşıq Allahverdi Qəmkeşdir. O bu  həlqənin bir parçasıdır...

Folklorun mühüm bir qolunu təşkil edən aşıq poeziyasında Allahverdi Qəmkeş həyat hadisələrinin incəliklərini söz çələngi ilə bəzəyən sənətkardır. Onun yaradıcılığını dərinliyi və genişliyi baxımından dəryaya bənzətmək olar. O, həm sözə vurğun, həm də sözdən ilmə toxuyan bir aqildir. Aşıq Qəmkeş  şeir, saz-söz mədəniyyətini yüksək səviyyəyə qaldırmış  xüsusi dəst-xətlə öz imzasını qoymuşdur . Onun yaratdığı özünəməxsus  ədəbi miras  digər aşıq sənətkarlar kimi xalqımızın əmlakı, Aşıq  sənəti isə şöhrəti isə xalqın qürurudur.

                       Həyat və yaradıcılığı

Allahverdi Əli oğlu Allahverdiyev (Allahverdi Qəmkeş) 1933-cü ildə Kəlbəcərin Şapılar kəndində dünyaya göz açıb. Söz-sənət adamı olan atası Əli kişinin el-obada böyük hörmət və nüfuzu vardı. Allahverdi 1955-ci ildə Şuşa Pedaqoji Texnikumuna qəbul olunur. O, bir il sonra Moskvada keçirilən Azərbaycan incəsənəti festivalında çıxış edir. Festivalın laureatı olan Allahverdini geri qayıdanda pis qarşılayırlar, daha doğrusu, texnikumun direktoru Armen Xaçaturyan azərbaycanlı tələbənin bu qələbəsini həzm edə bilmir. İş, canlı-cüssəli Allahverdinin Xaçaturyanı döyməsi ilə nəticələnir. Və gələcəyin məşhur aşığı bununla da texnikumu tərk etməli olur. Atası Əli kişi ətraf bölgələrin tanınmış aşıqları ilə dostluq edirdi. Oğluna yaxşı saz bağlatdırır, əvvəlcə onu aşıq Şəmşirin, sonra da aşıq Ələsgərin yetirməsi aşıq Ağayarın yanına şagirdliyə qoyur. Allahverdi o günlərdən öz ustadları ilə toylara getməyə, söz-sənət meydanında püxtələşməyə başlayır. Tezliklə Allahverdi Qəmkeş adı ilə tanınan aşığın sorağı Dağıstan, Gürcüstan və Orta Asiya respublikalarından gəlir. O vaxtlar Təbrizdən dəvət alsa da, gedə bilmir. Bir az qabağa gedib deyim ki, 1993-cü ilin aprelində Allahverdi Qəmkeş bütün Kəlbəcərlə birgə cənnət yurd-yuvasından didərgin düşəndən sonra təbrizli aşıqlar Gəncəyə - məşhur aşığın ziyarətinə gəldilər. Özü də dəfələrlə. Allahverdi Qəmkeşlə Təbriz aşıqlarının saz-söz deyişmələrinin hamısını Ramiz lentə alıb. Biz də onlardan bəzi parçalara böyük həvəslə baxdıq. Sonralar Qəmkeş VI Ümumdünya, neçə-neçə Ümumittifaq festivallarının qalibi, Aşıqlar Birliyinin üzvü kimi III-IV-V Aşıqlar Qurultayının iştirakçısı olur, iki şeir kitabı çap olunur. Əlbəttə, bütün bu sadaladıqlarım məşhur aşığın zəngin ömrünün bəzi məqamlarıdır.

       “Şair-aşıq Allahverdi Qəmkeş xatirələrdə”

Elə bu başlıq altında 2008-ci ildə çox nəfis tərtibatda, aşıq sənətinin bilicisi, filologiya elmləri namizədi Elxan Məmmədlinin ön sözü ilə bir kitab nəşr olunub. Kitabı araya-ərsəyə gətirən də aşığın oğlu Ramizdir. O, təkcə atasına  muzey açmaq və  bu kitabı çap etməklə kifayətlənmir, atasının dostluq ediyi, duz-çörək kəsdiyi, toy məclislərini apardığı yaxın-uzaq adamları axtarıb tapır, onların Allahverdi Qəmkeşlə bağlı xatirələrini yazıya alır, nadir fotoşəkillərini əldə edir. Bir kəlmə ilə desək, Ramiz Allahverdiyevin  ömrünün mənası - atasının xatirəsini əbədiləşdirməkdir. Sözügedən kitab 240 səhifəlik bu nəşrdə Allahverdi Qəmkeşin həyat yoldaşı, övladları, qardaşları - şair İdris Əlioğlu və Həbib, təkrarsız muğam ustası Alim Qasımov, şair Məmməd Aslan, sabiq millət vəkili Əlövsət Ağalarov, xalq şairi Zəlimxan Yaqub, aşıq Ədalət, Qəmbər Şəmşiroğlu, şair Adil Cəmil, professor Yusif Əhmədov və başqa söz-sənət vurğunlarının xatirələri yer alıb. Kitabda həmçinin A.Qəmkeşin oğlu Tahir, Mikayıl Azaflı, Aybəniz Laçınlı, şair Məhəmməd, şair Firudin Şimşək, şair Şücaətlə deyişmələri və məşhur aşığın xatirəsinə yazılmış şeirlər də toplanılıb.

Muzeydəki rəy kitabınında qeyd olunanlar: Qars, Təbriz, İzmir, Borçalı, Dərbənddən gələn qonaqların ürək sözlərini oxuduqca bir daha əsl sənətin ölməzliyi haqqında düşünürəm: uzaq-uzaq ellərdən bu qədər adamı Qəmkeş ocağına çəkib gətirən yalnız sənətin işığıdır. Onu da deyim ki, bu günə kimi muzeydə olan qonaqlar və onların söhbətlərinin çoxu lentin yaddaşına köçürülüb.

                   Qəmkeş, bu yollarda çox gəlmə cana,

                    Əslində kəc olan çətindi qana.

                    Neçə alim elm öyrətdi nadana,

                    Alim oldu, amma adam olmadı.

O, təkcə böyük söz ustası deyil, həm də fəlsəfi fikirlər azmanıdır. O, “alimin” adam olma mərtəbəsinə yüksələ billməməsinə,  ən uca zirvənin adamlıq olmasını dilə gətirir. Bəlkə də onu başqalarından fərqləndirən cəhət fikrin canlı və əbədiyaşar olmasıdır.            

Bütün bunlarla yanaşı, aşığın dili son dərəcə xəlqidir, xalq danışığına daha yaxındır.

Həm də harmonik, ritmik xüsusiyyət şair-aşıq Allahverdi Qəmkeş şeirlərində daha güclüdür.

      Bu gün yolum düşdü qəbristanlığa,

     Orda zaman qışdı, dövran yatıbdı.

    Sanki pıçıldaşdı hər məzar daşı:

    - Şair, asta yeri, insan yatıbdı.

 Şair bu şeiri  50-ci illərdə Səməd Vurğunun ruhunda yazıb. 7 bənd olub. Elə o vaxtlar da çap olunu. Bu şeir Allahverdi Qəmkeş şeirlər kitabında da var. Sonra onu qırx bəndə çatdırıb.

   Aşıq  Qəmkeş həm də təbiət vurğunu idi. Bəlkə də təbiətlə harmoniyada, xüsusi bir vəhdətdə olan onun şair ruhu idi.  Aşıq təbiətin hər fəslində baş verən dəyişiklikləri incəliklə, gözəllikləri həssaslıqla izləyir, müxtəlif əsrarəngiz lövhələrin sözlə şəklini çəkirdi. Elə insanın da, insanlığın da. İnsanlığa, mərdlik, dürüstlüyə önəm verən şairin şeirlərində  nəsiatamiz nüyanslar  çoxluq təşkil edir.

                   Əflatuna gülər nadan,

                  Qəfil ağlı səylənəndə.

                  Mərdi tənə söz öldürər,

                  Gədə gəlib bəylənəndə.

Və ya

                Eşitsən Qəmkeşi ədalətli ol,

               Xalqa hakim olsan mərhəmətli ol,

               Əgər varım varsa səxavətli ol,

               Şöhrət yuvasında şeytan yatıbdı.

Nə qədər gözəl, müdrik  fikirkərdirdir. Bunların içərisində həm melodik axar, həm kolorit, həm cazibədarlıq var. Aşığın sənət dünyası poeziyası, aşıq sənətindəki xidməti doğrudan da yaddaqalandır. Şair-aşıq Allahverdi Qəmkeş iris bundan sonrakı aşıq nümayəndələri və bütövlükdə aşıq sənəti üçün   böyük bir məktəbdir. Qətiyyətlə demək olar ki, onun irsini uca tutmaq lazımdır…

Aşıq məhəbbət mövzusunda qələmə aldığı şeirlərində gözəlin zahiri təsvirinə geniş yer verir. O, əhdinə sadiq görmək istədiyi Azərbaycan qadınını həm gözəl, həm də iffətli olaraq qələmə verir. Bax bu xüsusiyyətlər bir-birini tamamladıqda gözəl həqiqi gözəl adlandırılır…

      Qəmkeş yaradıcılığını dənizin dalğalarına bənzətmək olar. Canlı, çılğın emosianal fikirlərlə yanaşı sahilə vurub səəsizcə geri qayıdan misralar onun yaradıcığına rəng çalarları qatır. Rəngarəng bir yaradıcığa çevrilir. Pessimistlikdən uzaq olan qələm, bəzən həyatın acı reallığıdan da yazmaqda mahirdir.

                       Düz sözdüsə, əgər varsa cəhənnəm,

                       Aparır insanı ora ehtiyac.

                       Qəfəsə tərlanı dağdan gətirir,

                       Dəryadan balığı tora ehtiyac.

 Bəzən  Aşıq  Qəmkeş şeirlərini oxuduqca orada misraların böyüklüyü duyulur. Sanki fikirlər cansız söz parçası deyil, dünyanı gəzib-dolanmış bir dərviş, mürşid və sözün əsl mənasında bir aqildir.

                Namərd atası tək nifrəti sevdi,

                Düzü haqq bilmədi, şöhrəti sevdi,

                İşığa kor baxdı, zülməti sevdi,

               Ondan oğluna da bir kam olmadı..

Ötən əsrin ortalarında Aşıq  Qəmkeş qələminin odu elə sönməz oldu ki, onun hər parçasından qopan qığılcım bu yazıçını sevən oxucuların qəlbinə nur kimi axdı. Bir vaxt bu dünyada var olmuş şair-aşıq Allahverdi Qəmkeşi unudulmağa qoymadı. Əslində, bu işıq payı unudulmaz yazıçının Vətənə, torpağa, millətə bağlı ürəyinin sevdiyi insanlara əbədi ərməğanı oldu. 

Aşıq Allahverdi Qəmkeş  az yaşadı, ömrünü başa vurduqdan sonra  xəyal oldu, həqiqət adlı bir nağıla çevrildi. Lakin  həmin gündən onun ikinci ömrü başladı. Daha uzun ömrü... Sənətkar ömrü, bizim ürəyimizi köz-köz yandıran xatirə ömrü, dost ömrü, həqiqi insanlıq ömrü...

                Çox bilənlər danışa az,

                Mənasızdır yersiz avaz.

               Qəmkeş ölsə yaddan çıxmaz,

               Doğru sözü söylənəndə.

Neçə ki, Azərbaycan aşıq ədəbiyyatı var, neçə ki, bu ədəbiyyatı yaşadan, sevən, mənimsəyən Azərbaycan xalqı var, el ozanı  Şair-aşıq Allahverdi Qəmkeş ölməyəcək, yaşayacaq,  hər söz, hər misra inciyə dönüb qızıl sapdan asılacaq,  şair Qəmkeş yaşayacaq!

AYNUR TURAN, xüsusi olaraq ONN üçün,

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png