ONN İnformasiya Agentliyi

Bakıya gələn azarkeşlər nələr danışdı?

Bakıya gələn azarkeşlər nələr danışdı?
28-05-2019, 18:34

ONN media xəbər verir ki, sabah – 29 mayda Bakı Olimpiya Stadionunda keçiriləcək “Arsenal”la “Çelsi” arasında Avropa Liqasının final matçını canlı izləmək istəyən çoxsaylı azarkeşlərin böyük hissəsi artıq Bakıdadır. İsrailli Aziz Raz: “Mən Avroliqanın final matçını izləməklə yanaşı, həm də Bakını görməyə gəlmişəm. Çünki Azərbaycanın qonaqpərvər insanları haqqında çox eşitmişəm. “Çelsi”-“Arsenal” matçından əvvəl müəyyən dairələrdə Bakı haqqında yayılan şayiələrin heç bir əsası yoxdur. Azərbaycanın həmişə mühüm beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyinin şahidi olmuşuq. Hesab edirəm ki, Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Bakıda özümü çox rahat hiss edirəm və şəhərinizə bir daha gəlmək niyyətindəyəm”. Çindən gələn Patrik Çon: “Bakı şəhəri çox gözəl, insanları isə səmimi və qonaqpərvərdir. Şəhər və onun sakinləri məndə xoş təəssürat yaradıb. Artıq 4 gündür Bakıdayam və burada özümü yaxşı və təhlükəsiz hiss edirəm. Sabahkı matçda “Arsenal” komandasına azarkeşlik edəcəm. Bu komandanın fan klubunun üzvüyəm”. Xorvatiyalı Filip Sostaric: “İlk dəfədir ki, Azərbaycandayam. Təəssüratım çox yaxşıdır. Paytaxt Bakı mənim çox xoşuma gəldi. Bir tərəfdən hündür, müasir binalar, digər tərəfdən isə qədimlik, köhnə şəhər. Bu harmoniyadan gözəl şəhər yaranıb. “Arsenal”–“Çelsi” qarşılaşmasının UEFA Avropa Liqasının final matçları arasında ən maraqlı və yaddaqalan oyunlardan biri olacağına inanıram”. Norveçli Terje Mollestad: “Həm “Arsenal”, həm də “Çelsi” güclü komandalardır. Hər ikisinə azarkeşlik edirəm. Sabah Bakıda çox maraqlı final qarşılaşmasının keçəcəyinə əminəm. Bakı çox müasir şəhərdir. Burada heyrətamiz memarlıq nümunələri var. Mən Azərbaycan mətbəxinin nümunələrindən də daddım. Yeməkləriniz çox dadlıdır. Ümumiyyətlə, Bakıda qısa vaxt ərzində gördüyüm səmimi münasibət çox xoşuma gəldi”. Amerikalı Patris Bartel: “Sabahkı oyunu səbirsizliklə gözləyirəm. Bakıda yaxşı futbol əhval-ruhiyyəsi var. “Arsenal” komandasının azarkeşiyəm. Qarşılaşmanın gərgin və maraqlı keçəcəyini gözləyirəm. “Arsenal” komandasının qalib gələcəyinə inanıram. Azərbaycanda insanlar səmimiliyi, mehribanlığı ilə seçilir. Burada bənzərsiz qonaqpərvərlik gördüm. İnanıram ki, gözəl ölkənizə səfər edən hər bir azarkeş unudulmaz anlar yaşayacaq”. İndoneziyalı Eymr Cek: “Artıq iki gündür Bakıdayam. Şəhərinizi çox sevdim. Bakı gözəl və romantik şəhərdir. Bakıda olduğum müddətdə məni və ailəmi narahat edən heç bir şey olmayıb. Uzun illərdir "Arsenal" klubuna azarkeşlik edirəm. Azərbaycana ilk dəfədir səfər edirəm. Bakının memarlıq üslubu və Dənizkənarı Bulvar çox xoşuma gəldi. Ailəmlə birgə Qız qalasında, İçərişəhərdə olduq. Azərbaycan mətbəxini də çox sevdik”. İraqlı Abdulla Sami: “Mən “Çelsi” klubunun azarkeşiyəm. İraqdan Bakıya Avropa Liqasının final qarşılaşmasını izləmək üçün gəlmişəm. Bakıda gördüklərim məni heyran etdi. Bakı bu möhtəşəm final oyununa ciddi hazırlaşıb. Bunu azarkeşlər üçün yaradılan şəraitdən də görmək mümkündür. Bakıda turistlər üçün hər cür şərait yaradılıb, bütün təhlükəsizlik tədbirləri görülüb”. İngilis Peter Çambers: Ailəmlə birlikdə UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gəlmişəm. “Arsenal”ın azarkeşiyəm. Paytaxtınız çox xoşuma gəldi. Xüsusən Dənizkənarı Milli Park, Qız qalası yaddaşımda silinməz iz qoydu. Milli yeməkləriniz çox ləzzətlidir. Düşünürəm ki, Bakı UEFA Avropa Liqasının final oyununu keçirmək üçün yaxşı məkandır. Sakit və təhlükəsiz şəhər olan paytaxtınız bu maraqlı qarşılaşmaya uğurla ev sahibliyi edəcək. Ölkənizdəki insanlar qonaqpərvərdirlər. Ailəmlə birgə şəhəri gəzəndə şəxsən şahidi olduq ki, burada qonağa səmimi münasibət var. Əminəm ki, bu gözəl ölkəyə səfər edən hər bir azarkeş xoş anlar yaşayacaq”. Avstraliyalı Natanael Carreira: UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə bağlı qərar çox gözəl addımdır. İlk dəfədir ki, Azərbaycandayam və bu səfərimdən çox məmnunam. Özümü burada çox rahat hiss edirəm. Görürəm ki, ölkənizin çox gözəl mədəniyyəti, qonaqpərvər insanları var. Yeməklərinizi də daddım, çox ləzzətlidir”. Moeketsi Mosoll: “Əvvəllər Bakı haqqında eşitməmişdim. Gəlib gördüm ki, insanları qonaqpərvər, tolerant və mehribandır. Möhtəşəm binalarını və arxitekturasını çox bəyəndim. Hava da gözəldir. Bakı çox xoşuma gəldi. “Arsenal” komandasının azarkeşiyəm. Final matçında onun şansını daha yüksək qiymətləndirirəm. Hesab edirəm ki, “Arsenal” qalib gələcək”. Luis Tarrant: “Mən “Arsenal” klubunun azarkeşiyəm. Sevimli komandamın UEFA Avropa Liqasının finalında keçirəcəyi qarşılaşmanı izləmək üçün Bakıya gəlmişəm. Bakı çox gözəl şəhər, sakinlər isə mehriban insanlar kimi daim xatirimdə qalacaq. Bakının gözəlliyi məni valeh etdi. Şəhərinizin Dənizkənarı Bulvarı çox möhtəşəmdir. Bulvardan “Alov qülləri” çox möhtəşəm və valehedici görünür. Dünən milli mətbəxinizin nümunələrindən daddım. Azərbaycan yeməklərinin dadından doymaq mümkün deyil”.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png